Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev işğaldan azad edilmiş Qubadlı rayonunda olub. Prezident səfər zamanı əsgərlərlə görüşüb, onlarla söhbət edib. Ali Baş Komandan görüşdə qeyd edib ki, Azərbaycan əsgəri öz gücünü bütün dünyaya göstərdi: “İndi mənə məlumat verilir ki, dünyanın aparıcı ölkələrində, ali hərbi məktəblərində bizim döyüş taktikamız öyrənilir. Bu, bir yenilikdir”.
44 günlük müharibədə Azərbaycanın zəfər qazanması xarici ölkələrin diqqətini cəlb edir. Artıq bir sıra ölkələrin ali məktəblərində Azərbaycanın döyüş təcrübəsi tədris edilir. Azərbaycanın döyüş taktikası artıq dünya ölkələri üçün nümunə göstərilir.
“Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsi zamanı düşmənə qarşı tətbiq etdiyi unikal fənd Ukrayna ordusunun bu günlərdə keçirdiyi genişmiqyaslı hərbi təlimlərdə sınaqdan keçirilib”
Hərbi ekspert Rasim İsgəndərov bildirdi ki, Azərbaycanın hərb təcrübəsi xarici ölkələrin diqqətini cəlb edir: “Artıq bəzi ölkələr Azərbaycanın hərb taktikasını öyrənmək və yararlanmaq istəyirlər. Polşa, Ukrayna və bir sıra ölkələrin nümayəndəlikləri Azərbaycanın hərb təcrübəsinin hərbi dərsliklərə salınmasını istəyirlər. Ümumiyyətlə, Qarabağdakı müharibə fəndləri hərb sənətinə dair dərsliklərə salınmalı və diqqətlə öyrənilməlidir. Bu müharibə hələ 5-7 il əvvəl baş verən müharibələrdən köklü şəkildə fərqlənir. Pilotsuz uçan aparatlar zərbə və kəşfiyyat funksiyasını yerinə yetirməklə yanaşı, hava hücumundan müdafiə sistemlərinin mövqe rayonlarını aşkara çıxarmaq üçün yalançı hədəf rolunu da oynayıb. Habelə dronlar hədəf üzərində asılıb qala və istənilən an ona zərbə endirə bilən döyüş sursatlarına çevrilib”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsi zamanı düşmənə qarşı tətbiq etdiyi unikal fənd Ukrayna ordusunun bu günlərdə keçirdiyi genişmiqyaslı hərbi təlimlərdə sınaqdan keçirilib.
Günel CƏLİLOVA