Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə işğaldan azad edilmiş Qubadlı rayonuna səfəri zamanı çıxışında həmin rayonun necə unikal hərbi əməliyyatla azad edildiyinə diqqəti yönəldib.
Dövlət başçısı qeyd edib ki, Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi: “Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı. Qubadlı uğrunda şiddətli döyüşlər gedirdi, şəhidlər vermişik. Onların arasında Qubadlı rayonundan olan Milli Qəhrəman Şükür Həmidov öz doğma diyarı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Şükür Həmidova mən Milli Qəhrəman adını Aprel döyüşlərindən sonra verdim, göstərdiyi qəhrəmanlığa görə. Allah ona rəhmət eləsin! Allah bütün şəhidlərimizə rəhmət eləsin! Azərbaycan hərbçiləri, o cümlədən Şükür Həmidov dövlət tərəfindən yüksək döyüş ordenləri ilə təltif edilmişdir. Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra, təbii ki, bizim növbəti istiqamətimiz Qubadlı rayonu idi və şəhərdə ermənilər güclü istehkam qurmuşdular. İndi şəhərdən əsər-əlamət qalmayıb, bütün binalar dağıdılıb, sökülüb və yol boyunca Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının bütün kəndləri, qəsəbələri dağıdılıb. Ancaq burada, şəhərin girəcəyində düşmən hərbi baza yaratmışdı. Bu yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Ona görə Qubadlı şəhərini azad etmək o qədər də asan məsələ deyildi. Gərək, ilk növbədə ermənilərin istehkamları məhv ediləydi, onlardan biri Xanlıq qəsəbəsində yerləşirdi. Orada güclü istehkam qurmuşdular və Xanlıq qəsəbəsini onlar özləri üçün bir baza kimi yaratmışdılar. Xaricdə yaşayan ermənilər orada qəsəbə salmışdılar. İndi bu qəsəbədə Azərbaycan əsgərləri yerləşib. Xaricdə yaşayan ermənilərin pulu ilə xaricdən ermənilər gətirilib və qanunsuz şəkildə Qubadlıda yerləşdirilib. Bu, özlüyündə hərbi cinayətdir. Bu cinayətə və bütün digər cinayətlərə görə Ermənistan dövləti cavab verəcəkdir”.
Prezident bildirib ki, Qubadlını azad etmək üçün ilk növbədə biz bu yüksəklikləri götürməli idik: “Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Eyni zamanda, Ermənistan ərazisindən bizə atəş açılırdı. Nəzərə alsaq ki, Azərbaycan Ermənistan ərazisinə keçmək fikrində deyildi və mən bunu müharibə zamanı dəfələrlə bildirmişdim, onlar hesab edirdilər ki, bu imkanlardan istifadə edib, bizim hücumumuzun qarşısını ala bilərlər. Buradan, Qubadlı şəhərindən Ermənistan sərhədinə, bax, o istiqamətdən 5 kilometr məsafədir. Həm oradan ağır artilleriya ilə, həm də bu yüksəkliklərdən müxtəlif növ silahlardan istifadə edərək bizim əsgərlərimizi, hərbçilərimizi atəşə tutmuşlar. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu da bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra Azərbaycan Silahlı Qüvvələri şəhərə girib, buranı da düşməndən təmizləyiblər”.
Göründüyü kimi, ölkə başısı Qubadlının unikal hərbi əməliyyat və xüsusi fədakarlıqla azad edildiyini bildirib. Bu taktikanın hərbi nöqteyi-nəzərdən daha hansı üstünlükləri olub?
“Dünya tarixində belə döyüş ilk dəfə idi aparılırdı”
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanın apardığı hərbi əmliyyatlar dünya hərbçiləri və dövlətləri tərəfindən analiz edilib öyrənilməyə başladı: “Doğrudan da bu məsələdə öyrənilməli olan çoxlu detallar var. Diqqəti çəkən bu idi ki, bu müharibə tamamilə yeni silahlarla aparılırdı. Əsgərin avtomatla bu səngərdən digər səngərə güllə atmasına nadir əməliyyatlarda ehtiyac oldu. Keçmişdəki döyüş taktikasının bu gün qısmən səmərəsini itirdiyinin şahidi olduq. Pilotsuz uçan aparatlar əvvəlcədən müəyyən edilmiş hədəfləri ustalıqla məhv edirdi. Bundan sonra piyadalar fəaliyyətə başlayırdı. Dünya tarixində belə döyüş ilk dəfə idi aparılırdı. Həmin vasitələrlə biz düşmənin bütün vacib koordinatlarını əldə edib, oranı artilleriya atəşilə məhv edirdik. Bu vasitələr həm də düşmən arasında vahimə yaratmış oldu. Onlar istifadələrində olan texnikaları qoyub qaçırdılar. Bu taktikadan bütün döyüşlərdə istifadə olunub. Cənab Prezident əslində Qubadlı əməliyyatının incəlikləri barədə ətraflı məlumat verdi. Doğrudan da düşmən Qubadlı istiqamətində ciddi müdafiə istekamı qurmuşdu. Onları birbaşa hücumla keçmək çətin idi və çoxlu sayda canlı itki ilə üzləşə bilərdik. Əvvəl düşmən mövqeləri dəqiq müəyyən edilərək, atəşlərimizlə məhv edildi. Ardınca strateji yüksəkliklər götürüldü. Bundan sonra düşmən Qubadlını qoyub qaçmağa başladı. Bu əməliyyatda dərin zəka əsasında hazırlanan hərbi taktikanın, zabit və əsgərlərimizin fədakarlığının əsaslı rolu olub. Bundan əlavə, biz düşmənin hava hücumundan müdafiə sistemlərini məhv etmək üçün “kukuruznik” təyyarələrindən istifadə etdik. Düşmən onlara atəş açırdı, elə bilirdi ki, bizim aviasiyanı məhv edib. Nəticədə biz onların bahalı hərbi hava hücumundan müdafiə qurğularının yerini aşkar edib cəhənnəmə göndərirdik. Bu ağıllı taktikalardan, bütün döyüşlərdə olduğu kimi, Qubadlı uğrunda gedən döyüşlərdə də istifadə edilib”.
Ekspertin sözlərinə görə, Qubadlıda əsasən dağ taktikası ilə döyüş aparıldı: “Bu da onu sübut etdi ki, Azərbaycan ordusu istənilən relyef şəraitində döyüş aparıb, uğur qazanmağa qadirdir”.
Məhəmmədəli QƏRİBLİ