Diasporla İş üzrə Dövlət Komitəsi bu il “Dünya azərbaycanlılarının həmrəyliyi” günü münasibətilə Azərbaycan diasporunun fəaliyyətinə mühüm töhfələr verən diaspor təşkilatlarının üzvlərini və diaspor fəallarını “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edib.
Azərbaycana dəstək məqsədilə ümumilikdə 182 aksiya, yürüş-mitinq keçirilib…
Təltif olunan soydaşlarımız diasporun Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmləndirilməsində, beynəlxalq aləmdə Azərbaycanla bağlı obyektiv informasiyanın yayılmasında göstərdikləri xidmətlərə, eləcə də Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə, Azərbaycan Respublikasının beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafındakı rollarına görə medala layiq görülüblər.
Məlumdur ki, cənab Prezident İlham Əliyevin tövsiyə və tapşırıqları əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəklədiyi Azərbaycanlıların Koordinasiya Şuralarında birləşən diaspor təşkilatları ölkəmizin haqlı mövqeyini müdafiə edib, erməni təxribatlarına bütün səviyyələrdə layiqli cavab verib. Tovuz hadisələri və Vətən müharibəsi başlayan gündən Azərbaycan Prezidentinin çağırışına cavab olaraq dünya azərbaycanlıları ayağa qalxıb, Azərbaycana dəstək məqsədilə ümumilikdə 182 aksiya, yürüş-mitinq keçirilib, müxtəlif beynəlxalq təşkilatlara, səlahiyyətli şəxslərə minlərlə bəyanat ünvanlanıb, dünyanın, demək olar ki, hər yerində diaspor fəaliyyəti və aksiyalarla bağlı 26 dildə məlumat yayılıb.
30 ölkədə yaşayan 92 nəfər “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub
Koronavirus (COVID-19) pandemiyası dövrü göstərdi ki, Azərbaycan dövləti təkcə ölkə daxilində deyil, eyni zamanda xaricdə yaşayan azərbaycanlılara da böyük diqqət və qayğı göstərir. Bu dövrdə 8 mindən çox soydaşımıza maddi və texniki dəstək verilib, 10 minlərlə soydaşımızın isə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığı əsasında ölkəmizə təxliyyəsi həyata keçirilib. Diaspor təşkilatları və fəalları ölkəmizin diaspor siyasətinə böyük töhfələr verir və bunun nəticəsidir ki, bu il 30 ölkədə yaşayan 92 nəfər “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 25.12.2019-cu il tarixli, 899 nömrəli Fərmanı ilə “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif etmək səlahiyyəti Diasporla İş üzrə Dövlət Komitəsinə verilib.
Azərbaycan xalqı və dövləti ilə bərabər diasporumuz da yeni bir mərhələyə qədəm qoydu...
2020-ci il müasir Azərbaycan diasporunun dönüş ili kimi xarakterizə olunur. Belə ki, ilin əvvəlində qəflətən dünyanı bürüyən koronavirus pandemiyası ilə əlaqədar çətin vəziyyətdə qalmış soydaşlarımıza dəstək göstərmək üçün diasporumuz çox böyük birlik, həmrəylik və humanizm nümayiş etdirdi. Pandemiya ilə başlayan bu birlik sonradan Ermənistanın Tovuz təxribatı zamanı daha da möhkəmləndi və torpaqlarımızın azadlığı uğrunda aparılan Vətən müharibəsində özünün ən yüksək zirvəsinə çatdı. 44 günlük hərbi əməliyyatlar dövründə xaricdəki soydaşlarımız siyasi baxışından, düşüncəsindən, yaşadığı ölkədən, çalışdığı yerdən asılı olmayaraq milli birlik nümayiş etdirərək, bütün imkanları ilə dövlətimizə və ordumuza dəstək göstərdi. Onlar orduya, yaralı əsgərlərə, şəhid ailələrinə, cəbhəboyu ərazilərdə yaşayan, müharibədən zərər çəkən dinc sakinlərə, şəhid ailələrinə maddi, humanitar yardımlar göndərməklə yanaşı, haqq səsimizin dünyaya çatdırılmasında da böyük mütəşəkkillik və fədakarlıq ortaya qoydu. Milli birliyimiz cəbhədə Azərbaycanın böyük qələbəsi ilə nəticələndi və beləliklə, Azərbaycan xalqı və dövləti ilə bərabər diasporumuz da yeni bir mərhələyə qədəm qoydu. Xaricdəki ziyalılarımızın fikrincə, döyüş meydanında müharibə bitsə də, informasiya və diaspor cəbhəsində əsl savaş indi başlayır.
Azərbaycanın əldə etdiyi uğurları həzm edə bilməyən ermənipərəst dairələr üzərimizə hücuma keçib
Müasir müstəqil Azərbaycan dövləti hazırda tarixinin ən şanlı günlərini yaşayır. Otuz ilə yaxın müddətdə mənfur erməni işğalçıların tapdağı altında olan Qarabağ torpaqları Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, müdrik siyasəti, yenilməz cəsarəti, sərkərdəlik və diplomatik məharəti sayəsində şücaətli ordumuz tərəfindən azad edildi, nəhayət ki, ərazi bütövlüyümüz bərpa olundu. Artıq Azərbaycan Bayrağı işğaldan azad edilən bütün torpaqlarımızda dalğalanır. Müharibə dayandı, Azərbaycan hərbi məqsədlərinə çatdı. Bundan sonra isə olduqca ağır, hətta uzun bir diplomatik prosesin başladığını elan etmək üçün kifayət qədər əsaslarımız var. Ermənistanda vəziyyət gözlənildiyindən daha gərgindir: orda Paşinyanın hakimiyyətdən getməsi və başqa qüvvələrin ölkənin sükanı arxasına keçməsi prosesinə start verilib. Bütün siyasilərin təmasları başlayıb, hamısı ordunu daha da gücləndirmək, “keçmiş səhvlərdən” nəticə çıxarmaq, ciddi şəkildə hazırlaşmaq, hərbi-siyasi gücü ən qısa müddətdə bərpa etmək, Rusiya ilə əlaqələri maksimal səviyyəyə qaldırmaq və Qarabağa dönmək kursunu götürüb. Eyni zamanda, Azərbaycanın əldə etdiyi uğurları həzm edə bilməyən ermənipərst dairələr və ölkələr açıq şəkildə bizim üzərimizə hücuma keçib, diplomatik təzyiqlər göstərməyə başlayıblar. Hətta uzun müddət heç bir uğura imza ata bilməyən ATƏT-in Minsk Qrupu da fəallaşmağa başlayıb.
Xaricdəki soydaşlarımız qələbə hisslərini də bizimlə paralel yaşayıblar...
Azərbaycanın apardığı şanlı Vətən müharibəsi dönəmində xaricdəki diaspor təşkilatlarımız da əsl mübarizə şəraitində fəaliyyət göstərdilər. Onların mütəşəkkilliyi Azərbaycanda, xüsusilə də cəbhədə gedən proseslərlə həmahənglik təşkil etdi.
Müharibənin Azərbaycanın qələbəsilə başa çatması da onları dərindən sevindirib. Dünyanın müxtəlif şəhərlərində Azərbaycan diaspor təşkilatlarının qazandığımız hərbi qələbələrlə bağlı keçirdiyi aksiyalardan görünür ki, soydaşlarımız qələbə hisslərini də bizimlə paralel yaşayıblar. Müharibə təkcə döyüş meydanında deyil, həm də getdikcə savaş meydanına çevrilən informasiya məkanında aparılmalıdır. İşğalçı Ermənistan müxtəlif istiqamətlərdə siyasi-diplomatik və informativ təxribatlara əl ataraq, uzun illər beynəlxalq ictimaiyyətə dezinformasiya, həqiqətə uymayan məlumatlar yaymaqla məşğul olub və yalan informasiyalar ötürməklə Azərbaycanı ittiham etməyə çalışıb. Azərbaycan həqiqətlərini dünyaya sübut etmək və beynəlxalq aləmin diqqətinə çatdırmaq olduqca vacib məsələdir. Müharibə dönəmində ölkə Prezidentinin nüfuzlu xarici televiziya kanallarına və mətbuat orqanlarına verdiyi 30-a yaxın müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın edərək Azərbaycanın haqq işinin bir daha dünya xalqlarının diqqətinə çatdırılmasına səbəb oldu. Bu baxımdan diasporumuzun da üzərinə yeni mərhələdə ciddi məsuliyyət düşür. Xüsusi fəallıq göstərən diaspor nümayəndələrinin dövlət tərəfindən mükafatlandırılması yeni mərhələdə onların və ümumilikdə diasporumuzun fəaliyyətinə hansı stimulu vermiş olacaq?
“Əminəm ki, bütün layiqli insanların adını bu siyahıda görəcəyik”
Diaspor İnformasiya Mərkəzinin rəhbəri Toğrul Allahverdili “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində dünyanın 30 ölkəsindən olan 92 diaspor nümayəndəmizin belə təltiflə mükafatlandırılması olduqca sevindirici haldır: “Bu medalın həm də böyük mənəvi üstünlüyü var. Görünən budur ki, Azərbaycan Prezidenti və bu sahəyə məsul olan Diasporla İş üzrə Dövlət Komitəsi xaricdəki hər bir soydaşımızın fəaliyyətini diqqətlə izləyir və onlara dəstəyini əsirgəmir. Qeyd edim ki, medalların konkret kimlərə təqdim olunacağı ilə bağlı siyahı hələ açıqlanmayıb. Yalnız say məlumdur. Ancaq məndə olan hissə görə, laureatlar sırasında həm yaşlı, həm də gənc nəsli təmsil edən diaspor nümayəndələri olacaq. Açıqlanan rəsmi məlumatın ruhundan da görünür ki, təltif olunanlar, xüsusilə pandemiya və Vətən müharibəsi dönəmində öz fəallıqları ilə seçiliblər. Doğrudan da bu müddət ərzində diasporumuz həm pulu, həm də canı ilə fəaliyyət göstərdi. Onlar həm ölkəmizdə ehtiyacı olan təbəqəyə maddi dəstək göstərirdi, həm də dövlətimizlə bağlı həqiqətləri dünya birliyinə çatdırırdılar. Mən çox təəssüf edirəm ki, bəzi fəal diaspor nümayəndələrimizə illər əvvəl lazımi qiymət verilməyib. Əminəm ki, hazırda mükafatlandırılacaq şəxslər 10-15 il qabaq da eyni əzmkarlıqla fəaliyyət göstəriblər. İstənilən fəaliyyətə diqqət olanda onun gələcək nəticələri də gözəl olur. Əminəm ki, bütün layiqli insanların adını bu siyahıda görəcəyik”.
“Diasporun fəaliyyəti ilə bağlı hazırlanan “Yol xəritəsi” göstərdi ki, güclü erməni diasporu sözü bir mif olub”
Diaspor fəalının sözlərinə görə, belə mükafatlandırma səlahiyyətinin müvafiq dövlət qurumuna verilməsi də yaxşı haldır: “Belə olanda, kənardan olunan müdaxilələrlə kimlərinsə adı təltif siyahısına salınmır. Hansı soydaşımızın diaspor işinə necə fayda verdiyini bu sahəyə məsul olan dövlət qurumu hamıdan yaxşı bilər. Son 3 ildə Azərbaycan diasporunun fəaliyyətində yeni canlanma hiss olunur. Diasporun fəaliyyəti ilə bağlı hazırlanan “Yol xəritəsi” göstərdi ki, güclü erməni diasporu sözü bir mif olub. Son proseslərdə biz bir daha şahidi olduq ki, qarşımızda hətta miflər uydurulan erməni diasporu da duruş gətirə bilmədi. Azərbaycan diasporunu biz müharibədə qazanılan zəfərdə payı olan arxa cəbhə qəhrəmanlarından saya bilərik. Bizə məlumdur ki, proses hələ tam yekunlaşmayıb. Təbiidir ki, bundan sonrakı dönəmdə biz erməni diasporunun müəyyən həmlələrini görəcəyik. Artıq oturuşmuş, tam strukturlaşmız Azərbaycan diasporu bu mərhələnin də öhdəsindən gəlməyi bacaracaq. Hesab edirəm ki, bu təltif bizim diasporumuzun fəaliyyətinə əlavə stimul verəcək, onları ruhlandıracaq. Fürsətdən istifadə edib, dövlət tərəfindən mükafata layiq görülən bütün diaspor nümayəndələrini səmimi qəlbdən təbrik edirəm. Onlara daha da həmrəy olmağı arzu edirəm. Əminəm ki, onlar Azərbaycanın maraqları uğrundakı fəaliyyətlərində daha da sıx birləşəcəklər”.
Ekspert fikirini Prezident İlham Əliyevin fikirləri ilə tamamladı: “Xaricdə yaşayan soydaşlarımız unutmasın ki, onların arxasında güclü, qüdrətli Azərbaycan dövləti var”.
Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.