ABŞ-ın Dövlət katibi Mayk Pompeo NATO ölkələrinin Xarici İşlər nazirlərinin sammitində Türkiyənin ünvanına ittihamlar səsləndirib.
Pompeo sammitdəki çıxışı zamanı Türkiyəni Şimali Atlantika Alyansının prinsiplərinə qarşı getməkdə, onun birliyinə xələl gətirməkdə ittiham edib. Belə ki, Pompeo çıxışı zamanı Türkiyənin Aralıq dənizinin şərqində, Liviyada, Suriyada və Dağlıq Qarabağda guya təxribatçı hərəkətlərinə, həmçinin, Rusiyadan S-400 raketlərini almasına diqqət çəkib. Bütün bunlara görə Türkiyəni günahlandırıb.
M.Pompeoya Türkiyənin Xarici İşlər naziri Mövlut Çavuşoğlu cavab verib. Nazir əsas etibarilə ABŞ-ın Türkiyəyə qarşı mövqeyindən, Yunanıstanın və Kiprin maksimalist mövqeyini və terror təşkilatlarını dəstəkləməsindən təəssüf etdiyini dilə gətirib. Çavuşoğu qeyd edib ki, əslində, Fransanın Liviyadakı mövqeyi NATO üçün ən böyük təhdiddir.
"Röyters" agentliyi yazır ki, türkiyəli nazir çıxışını çox əsəbi şəkildə başa vurub, o, Dağlıq Qarabağ münaqişəsini həll etməli olan ATƏT-in Minsk Qrupunun Ermənistana açıq tərəfdar çıxdığını da bəyan edib.
Belə bir məlumat da var ki, NATO nazirlərinin dekabrın 1-də keçirilən iclası ABŞ Dövlət katibi M.Pompeo üçün son iclas idi. Bəzi diplomatlar ehtimal edirlər ki, Pompeo son imkandan ABŞ-da Prezident seçilmiş Co Bayden administrasiyasının işini çətinləşdirmək məqsədilə gərginliyi artırmaq üçün istifadə edib.
Bütün hallarda, ABŞ-ın bir sıra məsələlərdə, o cümlədən, Qarabağda baş verən döyüşlərə görə Türkiyəni provokasiyada ittiham etməsi nə deməkdir?
“Bəs Tramp administrasiyası ötən 4 ildə münaqişənin həlli ilə bağlı hansı təşəbbüslə çıxış etd?”
Məsələyə münasibət bildirən siyasi ekspert Ramil Hüseynovun sözlərinə görə, Pompeonun bu cür fikirlər səsləndirməsi, açıq-aşkar, Türkiyəyə yönəlik qərəzli yanaşmadır: “Buna başqa ad vermək mümkün deyil. Zatən, Türkiyənin regionda artan rolundan ABŞ məmnun deyil. Hansı ki, Türkiyə NATO ölkəsi olduğu üçün nə qədər güclü olsa, bu bir o qədər Vaşinqtonun mənafeyinə uyğundur. Ancaq təəssüflər olsun ki, Tramp administrasiyası Türkiyənin artan rolunu dəstəkləmək əvəzinə, sıxışdırmaqla məşğul oldu. Hansı provokasiyadan söhbət gedə bilər ki, Türkiyə hər zaman regionda stabillikdə maraqlı olub? Zaman-zaman Qarabağ münaqişəsinin beynəlxalq hüquqa uyğun ədalətli həllində maraqlı olub. Görünən odur ki, Pompeo Qarabağ məsələsində Türkiyə və Rusiyanın oynadığı rolu, ortaq mövqedən çıxış etməsini həzm edə bilmir. Əsasən məsələnin kökündə dayanan faktor budur. Ona görə bu cür həqiqətə uyğun olmayan ittihamlarla çıxış edir. Yaxşı, onda sual olunur, Tramp administrasiyası ötən 4 ildə Qarabağ məsələsinin həlli ilə bağlı hansı təşəbbüslə çıxış etd? Heç bir təşəbbüslə. Sadəcə, prosesləri kənardan izlədi. Hansı ki, ABŞ həmsədr ölkələrdən biridir. Hesab edirəm ki, ABŞ-ın bu müddət ərzində passiv mövqe tutmasının başlıca günahkarlarından biri məhz elə Dövlət katibi olan M.Pompeodur”.
Siyasi ekspert hesab edir ki, ABŞ-ın yeni administrasiyası Türkiyənin rolunu daha düzgün dəyərləndirəcək.
Vidadi ORDAHALLI