İllər boyu “hamını hamıya” dəyişməkdən qaçan Ermənistan bu işdə də düz yola gətirildi - bəs nə oldu, Paşinyan...

İbrahim Rüstəmli: “Ordumuzun 44 günlük müharibədə əldə etdiyi qələbə düşməni bununla barışmağa məcbur etdi”

img

Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşdə Qarabağda hərbi əməliyyatların dayandırılması və atəşkəs rejiminin bərqərar olmasına görə rəsmi Moskvaya təşəkkür edib.

Bununla yanaşı, T.Avinyan səfirlə görüşündə qeyd edib ki, Ermənistan əsirlərin qaytarılması prosesində “hamının hamıya” prinsipini tətbiq etməyi təklif edir: “Bundan əlavə, heç bir ilkin şərt olmadan yeni əsirlərin geri qaytarılması mexanizmi də təklif olunur”.

Bütün bunlarla yanaşı, görüş zamanı tərəflər girovların qaytarılması, itkin düşənlərin axtarışı və ölənlərin cəsədlərinin axtarışı ilə bağlı məsələləri də müzakirə ediblər.

Onu da qeyd edək ki, Azərbaycan hələ müharibə başlamazdan bir neçə il əvvəl dəfələrlə əsirlərin “hamının hamıya” prinsipi ilə dəyişdirilməsi təşəbbüsü ilə çıxış edib, amma Ermənistan buna müsbət yanaşmırdı. Hər dəfə müxtəlif bəhanələrlə bundan imtina edirdi. Ancaq 44 günlük uğurlu döyüşlərdən sonra Ermənistan əsirlərin qaytarılması prosesində “hamının hamıya” prinsipini qəbul etdi. Bununla razılaşdı. Necə deyərlər, bəs nə oldu, Paşinyan, razılaşmırdın?

  • “Yoxsa, onlar əsirlərin “hamının hamıya” prinsipi ilə dəyişdirilməsi ilə razı olmazdılar”

Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmlinin sözlərinə görə, Azərbaycan Ordusunun 44 günlük müharibədə əldə etdiyi qələbə düşməni bununla, nəhayət, barışmağa məcbur etdi: “Yoxsa, onlar əsirlərin “hamının hamıya” prinsipi ilə dəyişdirilməsi ilə razı olmazdılar. Prezident İlham Əliyevin Laçınla bağlı xalqa müraciətində hər şey öz əksini tapıb. Ölkə başçısı qeyd etdi ki, biz Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdik. Bu o deməkdir ki, ermənilər bunu özbaşına imzalamadılar. Məsələ ondadır ki, 44 günlük müharibəyə qədər Ermənistan özünü ərköyün aparırdı. Elə bilirdilər ki, işğal etdikləri ərazilərə görə onları sərt cəzalandırmayacaqlar. Bu azmış kimi, onlar o qədər qudurmuşdular ki, Azərbaycana qarşı yeni torpaq iddiaları ilə çıxış edirdilər. Ermənistanın o sarsaq müdafiə naziri David Tonayan “yeni ərazilər üçün yeni müharibə”dən dəm vururdu. O üzdən, bütün bunlardan sonra Ermənistanla hər hansı danışıq aparmaq mənasız idi. Belə də oldu. Azərbaycan toparlanaraq döyüş meydanında öz sözünü dedi. Baxmayaraq ki, Azərbaycan hər zaman sülh tərəfdarı olub. Ancaq Ermənistan bizi məcbur etdi ki, sərt addımlar ataq. Nəticədə Cənubi Qafqazda Azərbaycan-Ermənistan münasibətlərində yeni geosiyasi reallıqlar meydana gəldi. Bu zaman artıq mövqelər dəyişdi və Azərbaycan diqtə edən tərəf oldu. Azərbaycan ən üstün mövqedə dayandığı üçün Ermənistanı bir sıra şərtlərlə razılaşmağa məcbur etdi. Rəsmi Bakı həm siyasi, həm də hərbi baxımdan öz iradəsini ortaya qoyur. Bunun nəticəsidir ki, Ermənistan əsirlərin dəyişdirilməsi ilə bağlı əvvəlki prinsipi qəbul etməyə məcbur oldu”.

Hərbi ekspert onu da qeyd etdi ki, ermənilərin başqa yolu yox idi.

Vidadi ORDAHALLI

Son xəbərlər