KTMT sülhməramlı potensialı gücləndirməyə qərar verdi - Qarabağa KTMT qüvvələrinin gəlişi "ağız söhbətlərində"…

img

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sülhməramlı potensialını inkişaf etdirmək niyyətindədir. Bu barədə  KTMT Kollektiv Təhlükəsizlik Şurasının son iclasından sonra təşkilatın baş katibi Stanislav Zas jurnalistlərə açıqlamasında bildirib: “Bu gün müxtəlif sahələrdə fəaliyyətimiz üçün vacib olan bir sıra sənədlər təsdiq edildi. Bunlar sülhməramlı potensialımızın inkişafı və BMT-nin sülhməramlı fəaliyyətinə qoşulmaq üçün gələcək addımlar barədə bir neçə sənəddir”.

Təşkilatın baş katibi liderlərin KTMT-nin sülhməramlı qüvvələrinin BMT-nin himayəsi altında əməliyyatlara qoşulacaqları barədə razılığa gəldiyini də deyib: “Bundan əlavə, BMT-nin standartlarını və xüsusiyyətlərini nəzərə alaraq sülhməramlı kadrların hazırlanması üçün KTMT-nin əsas təşkilatı müəyyənləşdirilib. Xüsusilə BMT əməliyyatlarında iştirak məqsədilə sülhməramlı qüvvələrin tərkibini dəqiqləşdirdilər. BMT əməliyyatlarında sülhməramlı bölmələrə böyük tələbat var. Biz sülhməramlı kontingentimizə xəstəxana əsasında yaradılacaq bir tibbi dəstə daxil edirik”.

Toplantıda KTMT sülhməramlılarının formalaşdırılması üçün maddi-texniki və tibbi dəstəklə bağlı müqavilə təsdiqlənib.

Məlumdur ki, Ermənistan da KTMT adlı təşkilatın üzvüdür. Quruma üzv ölkələrdən ibarət sülhməramlı kontinget formalaşarsa, onların Dağlıq Qarabağda bu missiyanı həyata keçirməsi mümkündürmü? Çünki artıq belə versiyanın mümkünlüyü ilə bağlı qeyri-rəsmi dairələrdə müzakirələr aparılır. Bəllidir ki, KTMT adlı qurum Rusiyanın patronajı altında fəaliyyət göstərir. Hazırda Rusiya sülhməramlılarından ibarət kontingent Qarabağa yerləşib. Gələcəkdə Rusiya həmin kontingenti KTMT sülhməramlıları ilə əvəzləyə bilərmi?

 “Azərbaycan öz milli maraqlarına uyğun davranaraq, heç vaxt KTMT sülhməramlılarının Qarabağda yerləşdirilməsinə icazə verməz”

Hərbi-siyasi ekspert Ramil Məmmədli  “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, olduqca maraqlı məqamlar üzə çıxmağa başlayıb: “Mən istərdim, əvvəlcə KTMT-nin perspektivi ilə bağlı qısaca fikirlərimi bölüşüm. Bu təşkilatdan ciddi perspektiv gözləmirəm. İstənilən hərbi birliyin hərəkətverici qüvvəsi bir ölkə olmamalıdır. KTMT isə belə deyil. Yəni oradakı bütün proseslər Rusiyaya bağlıdır. Belə olan təqdirdə, Rusiyada baş verən istənilən hadisə bu təsisatın taleyinə təsir edə bilər.  KTMT-nin sülhməramlılar yaratmaq niyyəti ilə bağlı məsələ ciddi görünür. Yəni Rusiya indi də yalnız öz adı ilə deyil, KTMT sülhməramlıları bayrağı ilə müəyyən  ölkələrdə həmin missiyanı həyata keçirmək istəyir. Onların Qarabağda sülhməramlı missiyaya qoşulması mümkün deyil. Həmin növ qoşunları formalaşdıra bilərlər, ancaq Qarabağda onların iştirakı qeyri-mümkündür. Bilirsiniz ki, sülhməramlıların yerləşdirilməsi ölkənin öz razılığı ilə baş tuta bilir. Azərbaycan üçün KTMT variantı əlverişli olmadığından,  buna razılıq verilməyəcək. Çünki Ermənistan həmin qurumun üzvüdür. Bu, vəziyyəti qəlizləşdirə bilər.  Bilirsiniz ki, Rusiyanın özünə məxsus sülhməramlı qüvvələr belə regionda müəyyən müddət üçün yerləşdirilib. Həmin müddətdən sonra da bizim icazəmiz olmasa, onların fəaliyyəti qeyri-mümkün olacaq. Yaxşı olar ki, növbəti mərhələdə Qarabağda BMT sülhməramlıları xidmət aparsın. Söhbət növbəti 5 ildən gedir. Lakin indiki vəziyyət bizi reallığa hörmət etməyə vadar edir. KTMT ilə bizim hər hansı formada əməkdaşlığımız olmayıb, bundan sonra da olması məqsədəuyğun deyil. Biz Qoşulmama Hərəkatının üzvüyük. Bu fəaliyyətimizə görə  Qoşulmama Hərəkatı bizi bütün beynəlxalq platformalarda müdafiə edir.  Azərbaycan öz milli maraqlarına uyğun davranaraq, heç vaxt KTMT sülhməramlılarının Qarabağda yerləşdirilməsinə icazə verməz”.

Ekspert hesab edir ki, bu məsələ ilə bağlı narahatlıq keçirməyə dəyməz.

Məhəmmədəli QƏRİBLİ

 

Son xəbərlər