Fransız senatorun etirafı - Ermənistana xaricdən muzdlu döyüşçülərin gəlişini Fransa təşkil edir...

Ramil Hüseynov: “Senatorun açıqlaması onu göstərir ki, Fransa hakimiyyəti muzdluların göndərilməsində maraqlı olub”

img

44 gün davam edən müharibənin yekununda Azərbaycanın Ermənistana qalib gələrək ərazi bütövlüyünü təmin etməsi Fransanın siyasi dairələrinin ciddi məyusluğuna səbəb olub.

Hərbi əməliyyatların ilk günündən başlayaraq, Azərbaycana təsir etmək yolunu tutan bu ölkənin rəhbərliyi öz neytrallığını tamamilə unudaraq, ermənipərəst mövqeyini açıq şəkildə büruzə verdi. Noyabrın 25-də Fransa Senatının “DQR”in tanınması zərurəti” adlı qətnaməni qəbul etməsi də göstərdi ki, bu ölkə öz imperialist xislətinə uyğun olaraq, Ermənistanın işğalçılıq siyasətinə açıq dəstək verir, beynəlxalq hüquqa qarşı hörmətsizlik edir.

Qeyd edək ki, qətnamə layihəsi Fransa Senatına erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən noyabrın 18-də təqdim edilib. Sonrakı müddətdə tələsik formada Senat tərəfindən müzakirəyə çıxarılıb və iki gün öncə qəbul olunub. Senatın iclası başlayan kimi məlum olub ki, qətnamə layihəsi kimi müzakirələr də qərəzlidir.

Maraqlıdır ki, müzakirələr zamanı məlum olub ki, Senat üzvlərinin bir çoxunun müharibənin başa çatmasından və tərəflər arasında razılıq əldə edilməsindən, ümumiyyətlə, xəbərləri yoxdur. Çünki bəzi senatorların militarist bəyanatlarını başqa cür izah etmək mümkün deyil. Məsələn, senator Stefan Ravie deyib ki, Fransadakı erməni gənclər vətənlərinə dönərək vuruşmaq istəyirlər və onların yolu açılmalı, QHT-lər də bunlara yardımçı olmalıdırlar.

Bu onu təsdiq etmirmi ki, 44 günlük müharibədə Ermənistana muzdlu döyüşçülərin gətirilməsində əsas təşkilatçılardan biri Fransa və oradakı müəyyən dairələr olub?

  • “Bu isə beynəlxalq cinayətdir”

Məsələyə münasibət bildirən siyasi ekspert Ramil Hüseynovun sözlərinə görə, zatən, muzdlu döyüşçülərin Qarabağa göndərilməsində Fransanın rolu var idi: “Rolu olmasaydı, o zaman Fransa hakimiyyət orqanları buna mane olardılar. Ancaq pandemiyanın vüsət aldığı dövrdə onların Ermənistana gəlməsinə şərait yaratdılar. Heç şübhəsiz ki, Fransa xüsusi xidmət orqanları bu işin içində olublar. Baxmayaraq ki, digər ölkə vətəndaşının bu cür fəaliyyətlə məşğul olması cinayətdir. Ancaq Fransa kimi ənənələri olan Avropa dövləti bunu görməzdən gəldi. Çünki aşırı ermənipərəstlik bütün dəyərlərin tapdanmasına gətirib çıxardı. Senator Stefan Ravienin açıqlaması onu göstərir ki, Fransa hakimiyyəti muzdluların göndərilməsində maraqlı olub. Bu isə beynəlxalq cinayətdir”.

Ekspertin fikrincə, bu, Fransanın terrorçu mahiyyətindən xəbər verir.

Vidadi ORDAHALLI

Son xəbərlər