Paşinyan Qarabağın qeyri-real status məsələsini unuda bilmir - Baş nazir yenə kütləyə işləyir...

Məhərrəm Zülfüqarlı: “Nikol özü də yaxşı bilir ki, Qarabağın statusunu qaytarmaq mümkün olmayacaq”

img

Bir belə həngamədən sonra Ermənistanın Baş naziri Nikol Paşinyan yenə statusdan danışır. Paşinyan TASS agentliyinə müsahibəsində hazırkı şəraitdə Qarabağın statusunun necə olacağı barədə suala cavabında deyib ki, Ermənistanın Dağlıq Qarabağın statusu ilə bağlı mövqeyi dəyişməyib: “Ermənistanın Dağlıq Qarabağın statusu ilə bağlı mövqeyi məlumdur və bu mövqe dəyişməyib”.

 

Bununla belə, Paşinyanın sözlərinə görə, Qarabağ münaqişəsi uzun münaqişədir, buna görə Rusiya sülhməramlılarının burada qalması çətin ki, beşillik müddətlə məhdudlaşsın. Onun fikrincə, hazırda Qarabağda sabitliyi və əhalinin təhlükəsizliyini təmin etmək vacibdir.

İstefası mümkünlüyü ilə bağlı suala cavabda Paşinyan deyib ki, müxalifətin çağırışları erməni ictimaiyyətində geniş yayılmayıb.

“Azərbaycanla dövlətlərarası münasibətlərin tədricən normallaşdırılmasından danışmaq olarmı”  sualına Paşinyan belə cavab verib: “Bu, çox mühüm məqamdır və düşünürəm ki, yaxın gələcəkdə biz bu məsələyə diqqət yetirəcəyik. Nəqliyyat kommunikasiyalarının açılması başlanğıc nöqtəsi ola bilər”.

Nəzərə almaq lazımdır ki, 44 günlük müharibədən sonra Azərbaycan, ümumiyyətlə, Qarabağın status məsələsini gündəmdən çıxarıb. O üzdən, ciddi məğlubiyyətə rəğmən, yenə də Paşinyanın statusla bağlı bu cür təxribatçı mövqedən çıxış etməsi nə deməkdir?

  • “Sadəcə, ictimaiyyəti sakitləşdirməkdən ötrü bu barədə danışır”

Məsələyə münasibət bildirən AVCİYA-nın vitse-prezidenti, tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlının sözlərinə görə, Paşinyanın indiki məqamda statusdan danışması daha çox kütləyə hesablanıb: “Əvvəla Prezident İlham Əliyev xalqa müraciətində dedi ki, cəhənnəmə getdi status. Yoxdur status və olmayacaq. Sadəcə olaraq, Paşinyan radikal qüvvələrin güclənməsinin və Rusiyapərəst müxalifətin təşəbbüsü ələ almasının qarşısını almaqdan ötrü belə fikirlər səsləndirir. Bununla Paşinyan istəmir ki, radikal qüvvələrə əsas versin. Paşinyan özü də yaxşı bilir ki, Qarabağın statusunu qaytarmaq mümkün olmayacaq. Bunu hamıdan yaxşı bilir, sadəcə, ictimaiyyəti sakitləşdirməkdən ötrü bu barədə danışır. Bununla hakimiyyətdə qalma müddətini uzatmağa çalışır. Ancaq düşünmürəm ki, Nikol Paşinyan uzun müddət hakimiyyətdə qala bilsin. Hesab edirəm ki, bu mümkün deyil. Çünki məğlub dövlət başçısı uzun müddət hakimiyyətdə qala bilməz. O, sadəcə, bu kimi fikirlərlə hakimiyyətin ömrünü uzatmaq istəyir”.

Professorun fikrincə, haradan baxsaq, proseslər Paşinyanın əleyhinə işləyir.

Vidadi ORDAHALLI

Son xəbərlər