Azərbaycan iqtisadi sektorda Fransa ilə münasibətlərə yenidən baxsa - Fransa bütün regionda ağır zərbə alacaq...

Vüqar Bayramov: “Senatın bu qərəzli mövqeyindən itirən tərəf ölkəmizlə ticarət əlaqələri quran fransız şirkətləri olacaq”

img

Xəbər verildiyi kimi, Fransa Senatının ölkə hökumətini qondarma “DQR”i  tanımağa çağıran məsləhət xarakterli qətnaməsi Azərbaycanda birmənalı qarşılanmayıb. Bu, Fransaya qarşı kəskin hiddətə səbəb olub. Belə ki, ölkəmizin ərazi bütövlüyü ilə bağlı beynəlxalq hüquq normalarını, BMT Nizamnaməsi və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobudcasına pozan Fransaya qarşı etirazlar davam edir.

Bununla belə, Milli Məclisin keçirilən iclasında sözügedən məsələ müzakirəyə çıxarılıb. Parlamet Fransa ilə bağlı Azərbaycan hökumətinə çağırış edib. Çağırışlardan biri iqtisadi məsələlərlə bağlıdır. Qeyd edilir ki, Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud olan iqtisadi əlaqələr dərindən təhlil edilərək, lazımi tədbirlər görülsün.

Məlumat üçün qeyd edək ki, Azərbaycanın xarici ticarət dövriyyəsində Fransa ilk sıralarda yer alan ölkədir. Belə ki, bu ölkə ilə ticarət əməliyyatları ixracdan daha çox idxal üzərində qurulub. Cari ilin yanvar-oktyabr aylarında Fransadan idxal edilən məhsulların həcmi 344 milyon 618 min dollar, Fransaya ixracın həcmi isə 83 mln. 351 min dollar olub. Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə cari ilin eyni dövründə Fransa ilə ticarət dövriyyəsi 1,75 dəfə azalaraq 427 mln. 968 min dollara düşüb.  Bütün bunların fonunda, Azərbaycanın Fransa ilə iqtisadi münasibətləri necə olacaq? 

  • “Fransa ilə iqtisadi əlaqələrin minimumlaşdırılması Azərbaycan iqtisadiyyatına təsir etməyəcək”

Məsələyə münasibət bildirən millət vəkili Vüqar Bayramovun fikrincə, bütün bunlar iki ölkənin iqtisadi əlaqələrinə təsir edəcək və itirən tərəf Fransa olacaq: “Azərbaycan Fransanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Ticarət dövriyyələrinin müqayisəsi göstərir ki, Fransa şirkətləri Azərbaycanla ticarətdə maraqlıdırlar. Sərmayə qoyuluşlarında da Azərbaycan Fransa üçün regionda uzun müddət prioritet ölkə olub. Biz Fransanın ümumi ixracatı ilə Azərbaycana olan ixracatını müqayisə etsək, bəlkə də bu, ümumi ixracatın böyük hissəsini təşkil etmir. Məsələ burasındadır ki, ticari əlaqələrdə bu tip müqayisələr aparılmır. Çünki ticari əlaqələrdə hər bir yerli şirkətin ixrac imkanları və onun ixrac etdiyi ölkələr prioritetdir. Ona görə də bu, Azərbaycanla ticarət dövriyyəsi olan fransız şirkətlərinə mənfi təsir göstərəcək. Çünki qısa zamanda bazarı dəyişmək şirkətlər üçün heç də asan deyil. Ona görə də bu Azərbaycanla işləyən fransız şirkətləri üçün heç də müsbət nəyisə vəd etmir. Senatın bu qərəzli mövqeyindən itirən tərəf Azərbaycanla ticarət əlaqələri quran fransız şirkətləri olacaq. Fransa ilə iqtisadi əlaqələrin minimumlaşdırılması Azərbaycan iqtisadiyyatına təsir etməyəcək. Çünki biz Fransadan əsasən idxal edirik, idxal edən ölkənin alternativ seçim və bazar tapmaq imkanları olur”.

Millət vəkili hesab edir ki, investisiya qoyuluşlarında və xarici sərmayənin cəlb edilməsi baxımından elə Avropa Birliyi ölkələrində də alternativ çoxdur.

Vidadi ORDAHALLI

Son xəbərlər