“Siz Azərbaycan tarixində yeni bir səhifə yazdınız, elə bir səhifə ki, yüz illər keçsə də Azərbaycan xalqı bu tarixi hadisəni heç vaxt unutmayacaqdır. Siz hər dəfə qələbə xəbərlərini, rayonlarımızın işğaldan azad olunmasını televiziya vasitəsilə xəbər verəndə fərəhlənirdim və deyirdim ki, Allah bizim Ali Baş Komandanımızı, əsgərlərimizi qorusun, Ona güc və qüvvət versin.
Sizin xarici müxbirlərə verdiyiniz tutarlı cavabları diqqətlə izləyirdim və Sizinlə qürur duyurdum. Şuşanın işğaldan azad olunmasını Fəxri xiyabandan xəbər verərkən, Ulu Öndərimizin məzarına hərbi salam verərkən mən həm qürrələnir, həm də kövrəlirdim.
Bir çox ölkələr qələbələrimizə qısqanclıqla baxır. Görünür tarixi və coğrafiyanı yaxşı bilmir, bizi başqa ölkələrlə səhv salırlar. Onlar bilsin ki, bura Azərbaycandır, başı buludlara toxunan uca dağları, dağlar qədər əzəmətli oğulları, qartal kimi qürurlu, şahin kimi əzmli İlham Əliyevimiz var!
Mən xalqın sadə nümayəndəsi kimi uzun illər boyu torpaqların azad olunacağına, bu zəfərin qəhrəmanın isə Siz olacağınıza daim inanırdım. Nəhayət, o gün gəldi. Var olun, cənab Prezident, Siz xalqımızın başını uca etdiniz.
Siz bizim əbədi Prezidentimizsiniz. Sizə və Mehriban xanıma uzun ömür, cansağlığı arzu edirəm”. Bu sözləri Prezident İlham Əliyevə müraciətində Bakının Sabunçu rayonundan Cəbrayıl rayonundan məcburi köçkün, Qarabağ müharibəsi veteranı, Ağsaqqallar Şurasının üzvü Eldar Rüstəmov qeyd edib.
Baki-xeber.com