Türkiyə tezliklə NATO-dan çıxacaq, təşkilatın özünü isə artıq dağılmış saymaq olar. Bu fikri Avrasiya Ölkələri Assosiasiyasının rəhbəri, siyasi ekspert Həsən Çingiz "Lenta.ru"ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, NATO-nun istifadə müddəti bitib, onun beyin mərkəzi ölüb. Bunu Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Angela Merkel də təsdiqləyiblər. NATO-dakılar da yaxşı başa düşürlər ki, müttəfiqlərinin təhlükəsizliklərini təmin edə bilmirlər.
Ekspert, eyni zamanda, NATO-nun qarşıdakı 2-3 il ərzində çökəcəyini də dilə gətirib. O bildirib ki, tezliklə Rusiya yeni strateji pakt təşkil edəcək və ona Türkiyə də qoşulacaq. Məhz Ankaranın alyansdan uzaqlaşması onun dağılmasını şərtləndirəcək.
Məlumat üçün qeyd edək ki, ötən il Fransa Prezidenti E.Makron blokla bağlı pessimist fikirlər səsləndirib. Makron deyib ki, NATO "beyin ölümü" keçirir. Onun fikrincə, ABŞ Avropadan üz döndərib və köhnə qitənin yuxudan ayılmasının, öz ağırlığını qoymasının vaxtı gəlib çatıb, çünki o, hazırda uçurumun kənarındadır.
Maraqlıdır, Türkiyənin NATO-dan çıxacağı ilə bağlı deyilənlər nə dərəcədə həqiqəti əks etdirir? Bu sensasiya cəhdidir, yoxsa reallıq?
“İki ölkə bəzi məsələlərdə ortaq mövqedən çıxış etsə də, bu dövlətlər əzəli rəqiblərdir”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucov Türkiyənin NATO-dan çıxacağı ilə bağlı deyilənlərin həqiqəti əks etdirmədiyini bildirdi. O bunu bir sıra faktorlarla əsaslandırdı: “Əvvəla Türkiyə rəhbərliyi bununla bağlı hansısa reveranslar etməyib. Düzdür, Türkiyə ilə ABŞ arasında Yaxın Şərq ölkələri və bəzi digər məsələlərlə bağlı ciddi fikir ayrılıqları var. Zaman-zaman bunlar iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb olur. Ancaq bu o demək deyil ki, Türkiyə NATO-dan çıxacaq. Bir ara ABŞ-ın İncirrik hərbi bazalarının Yunanıstana köçürüləcəyi deyildi. Ancaq bununla bağlı deyilənlər təsdiqini tapmadı. Ən azından, strateji mövqeyinə görə Yunanıstan heç vaxt Türkiyəni əvəz edə bilməz. Türkiyənin bölgədə NATO üçün daşıdığı önəm daha böyükdür. Başqa bir tərəfdən, Trampın 4 illik prezidentliyi dövründə NATO-ya verilən önəm azaldı. Tramp ABŞ-ın NATO-nun maliyyələşdirilməsində çəkisini müəyyən qədər azaltdı. Almaniyadakı ABŞ hərbçilərinin sayını ixtisar etdi və s. Üstəlik, ABŞ-ın Türkiyəyə F-35 təyyarələrinin satışını dayandırması, Ankaranın Rusiya istehsalı olan “S-400” zenit-raket komplekslərini alması belə fikirlərin yayılmasına səbəb olub. Ancaq bütün bunlar o demək deyil ki, Türkiyə NATO-dan çıxıb Rusiya ilə ittifaqa girəcək. Türkiyə Suriya və Liviyada Rusiya ilə ortaq mövqedən çıxış etsə də, bu dövlətlər əzəli rəqiblərdir. Sadəcə, situativ amillər bu ölkələri əməkdaşlığa sövq edir. Bundan başqa, Co Bayden prezidentlik fəaliyyətinə başlayandan sonra NATO-nun rolunu artıracaq. Bütün bunlardan çıxış edərək hesab edirəm ki, Türkiyənin NATO-nu tərk edəcəyi ilə bağlı deyilənlər reallığı əks etdirmir”.
Partiya funksioneri hesab edir ki, növbəti illərdə Türkiyənin NATO-da rolu daha da arta bilər.
Vidadi ORDAHALLI