Sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları nəticəsində işğal altında olan ərazilərimizin əhəmiyyətli hissəsi işğaldan azad olundu. Azərbaycan, Rusiya və Ermənistan siyasi rəhbərləri tərəfindən imzalanmış birgə bəyanatın qüvvəyə minməsi ilə münaqişənin hərbi fazası başa çatdı.
Ermənistan 30 ildən bəri işğal altında saxladığı və dünya birliyinə “Dağlıq Qarabağ Respublikası” adı altında tanıtmağa çalışdığı ərazilərin təxminən 75 %-ni döyüşlər nəticəsində itirdi və ya döyüşsüz təhvil verməyə məcbur edildi. Cənub sərhədləri boyunca öz ərazisində Qarabağı Naxçıvanla birləşdirən nəqliyyat dəhlizinin açılmasına məcbur edildi. Bütün dünya noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatını müzakirə edir, sülhün kimə nə verəcəyi haqqında kifayət qədər ciddi diskussiya aparılır. Qərbdəki bir çox geosiyasi güc, o cümlədən, Fransa əldə edilmiş razılığın Rusiya və Türkiyənin Cənubi Qafqazdakı siyasi və hərbi maraqlarını gücləndirdiyini bildirir. Ermənistanda bir çoxu razılaşmanın ancaq Azərbaycanın xeyrinə olduğunu deyərək, küçələrə çıxıb, Paşinyanı satqınlıqda günahlandırır.
Ümumilikdə, Dağlıq Qarabağ münaqişəsinin sonlanması yolunda Rusiya, Azərbaycan və Ermənistan imzaladığı 10 noyabr bəyannaməsi ilə yeni bir mərhələyə qədəm qoydu. Belə ki, 9 maddədən ibarət bəyannaməni imzalayarkən Azərbaycan Prezidenti qələbə nitqi söylədi və Ermənistanın Baş naziri “həm özü, həm də erməni xalqı üçün ağrılı olan müqaviləni” imzalamalı olduğunu bildirdi. Bu 9 maddəni araşdırdıqda Azərbaycan tərəfinin hərbi uğurlarının qeydə alındığının və Kəlbəcər, Ağdam və Laçının 1 dekabradək boşaldılacağının açıq şəkildə Azərbaycanın maraqlarına uyğun olduğunu və ölkəmizin tam qələbəsi demək olduğunu söyləyə bilərik.
Azərbaycan yeni reallıq yaratdı
Azərbaycan 44 günlük Vətən savaşında yeni bir reallıq yaratdı. Cənubi Qafqazda Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüquqa söykənən milli maraqları öz təsdiqini tapdı. Məhz Azərbaycanın simasında Cənubi Qafqaz stabillik, təhlükəsizlik zonasına çevrilməkdədir. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin, Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.
Beynəlxalq aləm Qarabağ probleminin əsl mahiyyətini gördü
Atəşkəsin imzalanmasından bir həftə ötür. Ötən bir həftə ərzində dünya Qarabağ probleminin əsl mahiyyəti ilə bağlı bir sıra həqiqətləri gördü. Dünya gördü ki, ermənilərin məqsədi yalnız işğalçılıq, daha çox əraziləri qəsb etməkdir. Məsələ ondadır ki, işğaldan azad edilmiş ətraf rayonlarda erməni işğalçıları, demək olar, bütün yaşayış məntəqələrini xaraba qoyaraq yer üzündən siliblər. Məsələn, Cəbrayıl rayonu 97 kənd və bir şəhərdən ibarətdir. Rayonun bütün yaşayış məntəqələri xaraba qoyulub. Füzuli rayonunun 51 kəndi və bir şəhəri işğal altında idi. Sözügedən yaşayış məntəqələri də işğaldan azad ediləndən sonra bənzər mənzərənin şahidi oluruq. Bütün evlər və infrastruktur məhv edilib. Bunu təkcə biz yox, dünya da gördü. Gördülər ki, erməni işğalçıları necə vəhşidirlər. Otuz ilə yaxın işğal altında saxladıqları ərazilərdə hansısa quruculuq işi aparılmayıb. Onların məqsədi yalnız o olub ki, azərbaycanlılar bir də həmin ərazilərə qayıtmasınlar. Hesab edirdilər ki, işğalın müddətini nə qədər uzatsalar, bu bir o qədər onların xeyrinə işləyəcək. Böyüyən yeni nəsil Qarabağı görmədiyi üçün zamanla işğalla barışacaq və s. Ancaq onların bütün bu gözləntiləri puç oldu.
Onlar düşünürdülər ki, bu dağıntılardan sonra heç vaxt Azərbaycan əhalisi qayıtmayacaq
Prezident İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl şəhərinə səfər edərkən dedi ki, ermənilər elə bilirdilər bu dağıntılardan sonra heç vaxt Azərbaycan əhalisi bura qayıtmayacaq: “Bura Cəbrayıl şəhərinin mərkəzidir. Bir dənə də salamat bina yoxdur. Bir dənə də bina qoymayıblar. Yalnız o tərəfdə özləri üçün hərbi hissə tikiblər. Bütün qalan infrastruktur, evlər, məktəblər, binalar, ictimai binalar hamısı düşmən tərəfindən sökülüb. Onlar buna görə beynəlxalq məhkəmələrdə cavab verəcəklər. Mən demişəm, bir daha demək istəyirəm, beynəlxalq qurumlar, ekspertlər gələcək, bütün ziyan hesablanacaq, 30 il ərzində bizə vurulmuş zərər nəzərə alınacaq və onlara qarşı təzminat iddiası qaldırılacaq. Bu günlərdə Kəlbəcəri dağıdan, meşələri qıran, binaları, məktəbləri yandıran düşmən onun da cavabını verəcək. Onlar düşünürdülər ki, bu dağıntılardan sonra heç vaxt Azərbaycan əhalisi bura qayıtmayacaq. O məqsədlə buraları dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışıq, durmuşuq burada, öz doğma torpaqlarımızda, Cəbrayıl şəhərində. Bütün buraları yenidən bərpa edəcəyik. Düşmənin yol boyunca dağıtdığı bütün kəndləri görərkən, bir daha görürsən ki, hansı vəhşi düşmənlə üz-üzə idik. Bunları gördükcə bir daha adam əmin olur ki, biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz yırtıcı düşməni məhv etmişik. Dünyada bir çox müharibələr olub. Bu gün də gedir, bu gün də bir çox yerlərdə işğal davam edir. Amma inanmıram ki, bu qədər qəddar, bu qədər qeyri-insani düşmənlə kimsə üz-üzə qalsın. Bizim tarixi qələbəmiz erməni faşizmi üzərində əldə edilmiş qələbədir. Bizim zəfərimiz haqqın, ədalətin bərpasıdır”.
Dünya ermənilərin yeni və bənzəri olmayan vandallıq aktlarını gördü
10 noyabr atəşkəsindən sonra dünya Ermənistanın yeni və bənzəri olmayan vandallıq aktlarını görür. Hansı ki, dünyanın heç bir yerində belə hallar müşahidə edilməyib. Üçtərəfli razılaşmaya əsasən, dekabrın 1-dək ermənilər Kəlbəcər, Laçın və Ağdam rayonlarından çıxacaqlar. İşğaldan azad olunan ərazilərin böyük əksəriyyəti ermənilər tərəfindən məhv edilib. Bütün obyektlər, yaşayış yerləri, məktəblər, xəstəxanalar, məscidlər dağıdılıb. Bütün bunlar azmış kimi, ermənilər tərk edəcəkləri yerlərdə vandallıqla məşğuldurlar. Kəlbəcərdən çıxan ermənilər vandallıq edərək nəinki evləri, meşələri yandırır, ümumiyyətlə, özləri ilə götürə bilmədikləri hər şeyi məhv edirlər. Kəlbəcər işğal olunandan sonra qanunsuz şəkildə rayona yerləşdirilən ermənilər azərbaycanlılara məxsus evlərdə yaşayırdılar. İndi rayonu tərk edərkən, həmin evləri yandırır, “biz yaşamırıqsa, heç kim yaşamasın” prinsipi ilə davranırlar. Bununla yanaşı, meşələri qırır, bütün infrastruktura od vururlar. Hətta apara bilmədikləri heyvanları məhv edərək leşini ətrafa səpələyirlər. Bütün bu vandalizm hərəkətləri ermənilərin mahiyyətini aşkar şəkildə göstərir. Beynəlxalq media tərəfindən yayılan foto və videolarda da bu vəhşilik öz əksini tapır. Bunu bütün dünya izləyir.
Maraqlıdır, bütün bunları bəs ekspertlər necə dəyərləndirirlər? Atəşkəs elan edilən 10 noyabrdan indiyədək ötən bir həftə ərzində dünya Qarabağ probleminin əsl mahiyyəti barədə hansı həqiqətləri görə bildi?
Dünya ermənilərin təbiətə, heyvanlara divan tutmasını gördü
Məsələyə münasibət bildirən AVCİYA-nın vitse-prezidenti, tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı buna bir neçə aspektdən yanaşdı: “Əvvəla şanlı ordumuzun apardığı 44 günlük müharibə dünyanı silkələdi. Hesab edirəm ki, bu müharibəyə dünyanı silkələyən 44 gün adı vermək olar. Çünki bu 44 güdə dünya Azərbaycanı, xalqımızı, ordumuzu yenidən tanıdı. Biz bununla dünyaya Azərbaycan həqiqətlərini çatdıra bildik. Bu da nəticə etibarilə ona gətirib çıxardı ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunur. Azərbaycan öz müttəfiqi olan Türkiyə ilə dünyaya əsl həqiqəti çatdırdı. Ordumuz öz gücü ilə BMT qətnamələrini və digər beynəlxalq sənədlərdə əksini tapan məqamları icra etdi. Bununla da dünyanın gözündə Azərbaycan xalqının, onun Prezidentinin reytinqi daha da artdı. 2020-ci ildə xalqımızı ilin xalqı elan etmək olar. Çünki bu il biz öz qətiyyətimizlə digər xalqlara nümunə göstərdik. Hesab edirəm ki, bu çox önəmli məsələdir. 10 noyabr sazişindən sonra dünya Qarabağ probleminin əsl mahiyyəti ilə bağlı bir sıra həqiqətləri gördü. Dünya Ermənistanın işğalçı xisləti ilə tanış oldu. Məlum oldu ki, ermənilərin məqsədi yalnız yeni-yeni ərazilər işğal etməkdir. Hansı ki, ermənilərin iddiaları ilə resursları arasında ciddi tərs mütənasiblik var. Ermənistan ərazilərimizi işğal etsə də, bəzi rayonlarda, ümumiyyətlə, hansısa məskunlaşdırma işi apara bilməyib. Məsələn, Cəbrayıl rayonunda bunu edə bilməyiblər. Çünki Ermənistanın özündə əhali azalır. Bəzi rayonlarda Suriyadan, Livandan erməni mənşəli şəxsləri qanunsuz olaraq məskunlaşdırıblar. Qarabağda guya 150 min erməninin yaşadığını iddia edirdilər. Əslində, bu rəqəm heç 70 min nəfər deyil. Ermənilər süni olaraq bunu şişirdirlər. Dünya bunları gördü. Dünya Ermənistan ordusu tərəfindən xaraba qoyulan çoxsaylı yaşayış məntəqəsini, ermənilərin vandallıqlarını gördü. Dünya ermənilərin təbiətə, heyvanlara divan tutmasını gördü. Söhbət Kəlbəcərdə evlərin, meşələrin yandırılmasından, tarixi abidələrin, hətta heyvanların məhv edilməsindən gedir. Bununla bağlı çoxsaylı video və fotonun dünya mediasında yayılması bu baxımdan çox mühüm əhəmiyyət kəsb edir. Ona görə ki, bütün bunlar bütün dünyaya ermənilərin əsl simasını göstərdi”.
Professor hesab edir ki, bütün bunlar çox önəmli məqamlardır.
Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.