2020-ci ilin 12-13 noyabr tarixlərində Braziliya Senatının Birinci Vitse Spikeri, Senatda Azərbaycan-Braziliya dostluq qrupunun rəhbəri Antonio Anastasianın dəvətilə səfir Elxan Poluxov Minas Gerais ştatının paytaxtı Belo Horizonte şəhərinə səfər edib və bir sıra görüşlər keçirib.
Səfərin ilk günündə E.Poluxov ştatın Sənayeçilər İttifaqının (FİEMG) Prezidenti Flavio Roscoe Noguveira ilə görüş keçirib. Səfir ölkəmizin iqtisadi potensialı, müharibədən sonra yaranmış vəziyyət, azad olunmuş ərazilərdə aparılacaq bərpa işlərinə dair həmsöhbətə məlumat verib, Azərbaycanla Braziliya arasında mümkün əməkdaşlıq sahələrinə dair fikir mübadiləsi aparılıb. Görüşdə iştirak edən iş adamları müxtəlif sual verib, çıxışlar ediblər.
Eyni gündə səfir E.Poluxov ştatın qanunverici orqanının Prezidenti, deputat Agostino Patrus ilə görüş keçirib. A.Patrus müharibənin sona çatması ilə bağlı təbrikərini ifadə edərək, ölkəmizlə əlaqələrin qurulmasında maraqlı olduğunu bildirib, bu istiqamətdə A.Anastasianın apardığı işlərdən xəbərdar olduğunu qeyd edib. Cavab olaraq səfir E.Poluxov Ermənistan-Azərbaycan müharibəsi, onun ağır nəticələri, mülki əhalinin hədəfə alınması və ölkə rəhbərliyimizin bölgədə sülhün bərqərar olmasına dair mövqeyi barədə məlumat verib. Həmçinin, səfir Ermənistanın atdığı addımlar haqqında məlumatları təqdim edərək, yerli qanunverici orqanının deputatlarının məlumatlandırılmasını xahiş edib. Öz növbəsində görüşdə iştirak edən A.Anastasia müharibənin bitməsi ilə əlaqədar öz təbriklərini ifadə edərək, ölkəmizə səfər zamanı Azərbaycanın həqiqətən multikulturalizm və tolerantlıq məkanı olduğunu gördüyünü deyib.
Növbəti gün səfir E.Poluxovu Minas Gerais ştatının Vitse Qubernatoru Paulo Brant qəbul edib, müharibənin başa çatması və bununla da çoxsaylı insan həyatının xilas olunması ilə bağlı təbrik edib. O, təmsil etdiyi ştatın Azərbaycanla yeni əlaqələrinin qurulmasına şad olduğunu bildirib və ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər barədə məlumatlı olduğunu qeyd edib. Cavab olaraq, E.Poluxov Braziliya ilə Azərbaycan arasında sıx və faydalı əlaqələrin olduğunu və müxtəlif sahələrin – iqtisadi, mədəni, elmi və s. əhatə etdiyini bildirərək, Minas Gerais ştatı ilə eyni formada münasibətlərin qurulmasında maraqlı olduğumuzu diqqətə çatdırıb. Sonda ona ölkəmiz və münaqişə haqqında məlumatlar təqdim olunub. Bildirilib ki, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz şücaət göstərib və onillərlə davam edən Ermənistan-Azərbaycan münaqişəsinə son qoyaraq vətənimizin ərazi bütövlüyünün bərpa edilməsinə nail olub, bununla da müstəqilliyimizin ilk günlərindən ən ağrılı problemimizi həll edib.
Səfər çərçivəsində E.Poluxov, həmçinin, yerli filarmoniya, ştatın Federal universitetinin rəhbərliyi ilə görüşlər keçirib, yerli mətbuata müsahibələr verib.