Məlum olduğu kimi, Heydər Əliyev Fondu Vatikanda Müqəddəs Pyotr Kilsəsində “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefini bərpa edib. Layihə 2019-cu ilin fevral ayında Fond ilə Müqəddəs Pyotr Kilsəsi arasında imzalanmış müqaviləyə əsasən həyata keçirilib.
Xatırladaq ki, bu il fevralın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Vatikana səfəri çərçivəsində onlar “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefinin yerləşdiyi Müqəddəs Pyotr Kilsəsinin Bazilikası ilə də tanış olmuşlar.
Bu məbəd italyan intibah memarlığının ən məşhur nümunələrindən biridir. Müqəddəs Pyotr Bazilikası həm də məşhur ziyarətgah və mərasim yeridir. Roma Papası il ərzində Bazilika və ya onun qarşısındakı Müqəddəs Pyotr meydanında bir neçə dini mərasim keçirir.
Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr müqəddəs Taxt-Tacda çox yüksək qiymətləndirilir. Bu işlər Fondun ümumbəşəri dəyərlərə verdiyi töhfələri bütün dünyaya nümayiş etdirir. Bununla yanaşı, bu layihələr həm də ölkəmizin müxtəlif dinlərin abidələrinə və müqəddəs yerlərinə verdiyi önəmi göstərir. Bütün bunlar isə multikultural dəyərlərə sadiq və bu dəyərləri təşviq edən ölkə kimi Azərbaycanın dünyadakı mövqeyini və yerini, həmçinin, dinlərarası dialoqun qurulmasındakı rolunu möhkəmləndirir.
Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü necə baş tutub? Tarixi mənbələrdə bu görüşü təsdiqləyən hansı faktlar var?
“...türklər üçün xarakterik olan humanistlik göstərdi və Romaya daxil olmadı”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstititunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, həqiqətən də tarixdə Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü olub: “Doğrudan da Atilla bütün Avropanı ələ keçirmişdi. O dönəmdə Avropadakı Roma imperatorluğu, krallıqlar, hersoqlar hamısı Hun imperatoru Atillaya qarşı birləşmişdilər. Ancaq Atilla onların hamısını bu döyüşlərdə məğlub edərək, Romanın qapısına qədər dayandı. Atilla nə üçün Romaya girmədi? Bir çox halda bu, müxtəlif suallar doğurur. Çünki Atillanın Romaya daxil olması an məsələsi idi. Ancaq belə bir məqamda Roma Papası I Leon ilə Atillanın görüşü baş tutur. Atilla ilə Roma Papası Romanın hüdudlarından kənarda görüşüblər. Roma Papası I Leon Atilla ilə görüşdə əsaslandırdı ki, Roma qədim bir şəhərdir, abidədir, sizin qoşunlarınız Romaya daxil olarsa, bu abidələr zərər görəcək və sair. Atilla da, əslində, böyük bir humanistlik göstərərək Romaya daxil olmadı. Atilla ilə döyüşdə şübhəsiz ki, ən böyük fəallığı Roma oynayırdı. Düzdür, o dövrdə Roma əvvəlki əzəmətinə malik deyildi, amma sonradan bu imperiya iki yerə bölündü.
Atilla Papa ilə görüşüb onun müraciətini eşitdikdən sonra türklər üçün xarakterik olan humanistlik göstərdi və Romaya daxil olmadı, onlardan vergi almaqla kifayətləndi. Fikrimcə, Atilla humanist addım atmamalı və sonacan gedib Romanı da tutmalı idi. Atilla bu addımı atsaydı, Romanın da, Bizansın da gələcəyi tamam başqa cür olacaqdı. O bu addımı atmalı idi, çünki onsuz da sonralar Almaniya və digər krallıqlar dəfələrlə Romanı işğal etdilər, hətta burada çox barbarlıqlar törətdilər. Amma Atilla bunu etmədi. Romanı tutmamaq sonradan Atillanın özünün ölümü ilə nəticələndi, ona sui-qəsd edib zəhərlədilər. Atillanın ölümündən sonra isə Hun imperatorluğu da zəiflədi, bununla da bir sıra problemlər yarandı. Atillanın bu humanistliyini minnətdarlıqla qarşılamaq əvəzinə, sonradan avropalılar onun “barbar” və “vəhşi” obrazını yaratmağa çalışdılar”.
F.Ələkbərli, həmçinin, qeyd etdi ki, Heydər Əliyev Fondu tərəfindən Vatikanda Müqəddəs Pyotr Kilsəsində “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefini bərpa edilməsi böyük türk imperatoru, fatehi, ölməz qəhrəmanımız Atillanın ruhuna böyük sayğının nümunəsidir.
Digər mütəxəssislərin verdiyi bilgilərə görə, tarixdə adı “Tanrının qırmancı” olaraq keçən böyük Hun imperatoru Atilla Avropanı fəth edən türk hökmdarıdır. Mütəxəssislər bildirirlər ki, eramızın 452-ci ilində Avropanın dini və siyasi mərkəzi olan Romada min illərlə unudulmayacaq hadisə baş verdi. Tədqiqatçı Namiq Hacıheydərli qeyd edir ki, bütün Avropa Hun qoşunlarının bircə zərbəsi ilə çökməyə hazır durumda idi. O vurğulayır ki, Roma böyük təlaş içində vurnuxurdu və çox gərgin anlar yaşayırdı: “İmperator və saray əhli tir-tir əsərək, sonlarını gözləyirdilər. Bütün saray əhli çözüm yolu axtarırdı. Onların üzərinə gələn ordu dünyanın ən güclü və döyüşkən ordusu idi. Qoşunun başçısı isə məğlubedilməz qəhrəman sayılırdı. Roma sarayının başbilənləri və xristian din xadimləri uzun və gərgin müzakirələrdən sonra çözüm yolunu tapdılar: “Türklər hər kəsin dini inancına sayğıyla yanaşır, din böyüklərinə və ibadət yerlərinə toxunmurlar. Deməli, dünyanın ən güclü ordusunun başçısının qarşısına dini lideri çıxarmaq lazımdır. O, dini liderə toxunmayacaq”.
Beləcə, Romanı mühasirəyə alan Hun qoşunlarının qarşısına Roma Papası çıxdı.
Tarixi qaynaqlarda yer alan məlumatlara görə, Roma Papası Hun qoşunlarına başçılıq edən qəhrəman savaşçının önünə çıxaraq belə deyib: “Ey yoxsulların qoruyucusu! Ey zalımların qorxusu! Ey böyük türk sərkərdəsi! Mən, bütün xristianların təmsilçisi olan Papa önünüzdə diz çökərək yalvarıram: Romaya girməyin! Dünya xristianları adından sizdən xahiş edirəm, bizə rəhm edin!”.
Deyilənlərə görə, “yoxsulların qoruyucusu” və “zalımların qorxusu” olan Hun qoşunlarının sərkərdəsi isə Papaya belə cavab verib: “Qalxın! Din böyüyünün önümüzdə əyilməsinə könlümüz razı deyil. Qalxın, Romanı sizlərə bağışlayıram. Barış və qardaşlıq içərisində yaşadığınız müddətdə məndən sizə zərər gəlməyəcək. İmperatorunuz romalıları ədalətlə idarə etdiyi müddətdə sizdən uzaq duracam. Əks halda, yenidən yanınızda olacam…”.
“Bütün dünya xristianları” adına diz çökən şəxs Papa 1-ci Leon, Papanın qarşısında diz çökdüyü Hun sərkərdəsi isə hələ sağlığında “Tanrının qırmancı” kimi tanınan böyük türk bahadırı Atilla idi”.
İradə SARIYEVA