Xəbər verdiyimiz kimi, noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən, Füzuli və Cəbrayıl şəhərlərində olublar.
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” hesabında sözügedən səfərdən video paylaşıb. Görüntüdə dövlət başçısı maşını özü idarə edir və əli ilə Araz çayıyla Azərbaycan-İran sərhədini göstərir. Prezident sərhədi göstərərkən "dostluq sərhədi" ifadəsini işlədir.
Prezident İlham Əliyevin Azərbaycan-İran sərhədini “dostluq sərhədi” adlandırmasının rəmzi mənasının əhəmiyyəti haqqında danışan Milli Məclisin deputatı, professor Musa Qasımlı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfərləri ordumuzun döyüş meydanında qazandığı qələbə qədər mənəvi-psixoloji əhəmiyyət daşıyır: “Dövlət başçısının Xudafərin körpüsünə getməsinin rəmzi mənası var. Bu körpü tək tarix və mədəniyyət abidəsi deyil, eyni zamanda, mənəvi birlik, əməkdaşlıq rəmzidir. Prezident İlham Əliyevin İran İslam Respublikası ilə sərhədi göstərərkən "dostluq sərhədi" adlandırması böyük məna daşıyır. Məlumdur, İran bizim cənub qonşumuzdur. İranla münasibətlərimizin hüquqi və maddi təməlləri möhkəmdir. Hər iki ölkə arasında münasibətlərin mehriban qonşuluq əsasında inkişaf etməsi tərəflərə faydalıdır. Prezident İlham Əliyevin sərhədi göstərərkən "dostluq sərhədi" adlandırması Azərbaycan-İran münasibətlərini pozmağa çalışanlar üçün bir mesajdır”.
Günel CƏLİLOVA