29/11/2020 22:56
728 x 90

Paşinyanı tənqid edən müxalifət liderlərinə yeni cəza – partiya rəhbəri müharibəyə aparıldı...

Ramil Hüseynov: “Bu metod da işə yaramayacaq və Paşinyanı siyasi iflasdan xilas edə bilməyəcək”

img

Erməni mediası yazır ki, Baş nazir Nikol Paşinyan ona müxalif olan qüvvələri susdurmaq üçün onları orduya çağırır.

 

Düşmən ölkənin mediası bu qədər ağır bir dövrdə Paşinyan hakimiyyətinin müxalifəti hədəfə almasını qabardır. Məsələn, erməni müxalif siyasi şərhçi Menua Harutyunyan bu yaxınlarda bildiriş alıb və orduya çağırılıb. Bu fakt bir sıra epizodlarla təəccüblüdür. Erməni KİV-i yazır ki, Harutyunyan hərbi xidmət keçməyib və bəlkə də qoşunların ehtiyatında olmamalı idi, yaxud bu, onun orduya çağırılması məsələsində əngəl olmasa belə, hərbi xidmət keçməmiş 40 yaşlı bir şəxs hərbi baxımdan faydalı ola bilməz. Özü də təbiətinə görə 90-cı illərdən əhəmiyyətli dərəcədə fərqlənən və əsasən texnoloji mübarizə olan bu müharibədə.

Lakin ən diqqətçəkən məqam odur ki, Menua bu müharibə günlərində hakimiyyətə və xüsusən də Paşinyana yönəlmiş kəskin tənqidlə çıxış etdiyi son mətbuat konfransından sonra bildiriş alıb. O bildirib ki, baş nazirin oğlu həqiqətən də sərhədə çağırılıbsa, bunu faktlarla ictimaiyyətə sübut etməlidirlər. Üstündən az keçməmiş, hakimiyyət onu cəzalandırmaq qərarına gəlib.

O da qeyd edilir ki, digər müxaliflərin də bu cür “zərərsizləşdirilməsi” istiqamətində iş gedir.

Beləliklə, erməni cəmiyyəti xaos və başıpozuq vəziyyətdə çabalayır. Görünən odur ki, Paşinyan ona qarşı müxalif olanları zərərsizləşdirmək üçün ən müxtəlif vasitələrə əl atır. Onları müharibəyə göndərməklə müxalif mövqedən çıxış edənləri susdurur.

  • “Paşinyana qarşı olan ictimai qəzəb daha da artacaq”

Məsələyə münasibət bildirən siyasi ekspert Ramil Hüseynovun sözlərinə görə, Paşinyanın bu metodu onu gözləyən fəlakətdən qurtara bilməyəcək: “Paşinyan elə addımlar atır ki, onun özü də bilmir nə edir. İlk dövrlərdə ona qarşı müxalif mövqedən çıxış edən “Qarabağ klanı” təmsilçilərini həbsə atdı. Onları bir sıra vəzifələrdən uzaqlaşdırdı. Ancaq çox keçmədi ki, Rusiyanın təzyiqi ilə onları həbsdən buraxdı. Söhbət Paşinyana qarşı qatı müxalif mövqedən çıxış edən keçmiş prezident Robert Köçəryandan və digərlərindən gedir. O Köçəryan ki, Dağlıq Qarabağ və ətraf rayonların işğal olunmasında müstəsna xidmətləri olub. İndi də Paşinyan onu tənqid edənləri müharibəyə göndərmək yolunu tutub. Hesab edirəm ki, bu metod da işə yaramayacaq və Paşinyanı siyasi iflasdan xilas edə bilməyəcək. Çünki ona qarşı bu gün Ermənistanda güclü tənqidi mətbuat var. Ermənistan ordusunun döyüşlərdə məğlub olması davam etdikcə, Paşinyana qarşı qüvvələrin təmərküzləşməsi meyli artır. Ona görə də tənqidi mövqedən çıxış edənlərin orduya cəlb edilməsi nəyisə dəyişməyəcək. Əksinə, Paşinyana qarşı olan ictimai qəzəb daha da artacaq”.

Siyasi ekspertin fikrincə, Ermənistanda ciddi siyasi təlatümlər gözlənir.

Vidadi ORDAHALLI

Son xəbərlər