01/12/2020 21:29
728 x 90

Azərbaycan Prezidenti 5 yox, 7 rayonun məsələsini bütün dünya qarşısında qəti qoydu…

Elşən Həsənov: “Sülh yolunu tutmasalar, biz yaxın günlərdə həmin əraziləri öz gücümüzə işğaldan azad edəcəyik”

img

Məlum olduğu kimi, Cenevrədə Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş planlaşdırılır. Prezident İlham Əliyev xarici mediaya müsahibəsində görüşdən gözləntilərini dilə gətirib:

“Biz orada Ermənistanın baza prinsiplərinə nə dərəcədə sadiq olduğunu görəcəyik. Və bundan sonra biz onların hazırda nə qədər aktual olub-olmadığını dəyərləndirəcəyik. Baxmayaraq ki, bu ay ərzində mən dəfələrlə bəyan etmişəm ki, orada bizi qane etməyən müəyyən məqamlar, əlbəttə ki, var, lakin bütövlükdə Azərbaycan onları qəbul edib”.

Prezident deyib ki, hazırda Dağlıq Qarabağ ətrafında 5 rayonun (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Ağdam rayonları) Azərbaycana qaytarılması məsələsinin müzakirəsi aktual deyil: “Birinci mərhələni, parktiki olaraq başa çatdırmışıq, buna görə, əgər Ermənistan tərəfi baza prinsiplərinə sadiqlik ifadə edərsə, biz dərhal işğal altında olan Laçın və Kəlbəcər rayonları və Ağdam rayonunun bir hissəsinin Azərbaycanın nəzarətinə verilməsi barədə danışacağıq. Bununla da biz həmsədrlərin vəzifəsini müəyyən səviyyədə asanlaşdıracağıq, hansısa ikinci mərhələni gözləmək lazım olmayacaq, o dərhal baş verməlidir. Əgər siyasi həll barədə razılığa gəlsək, o zaman Ermənistan qoşunları dərhal Laçın və Kəlbəcər rayonları və Ağdam rayonunun bir hissəsindən çıxarılmalıdır”. Prezident qeyd edib ki, Bakıda Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların məzmunlu xarakter daşıyacağına ümid edirlər:

“Lakin Ermənistan tərəfinin aqressiv davranışı və beynəlxalq hüquq, Cenevrə konvensiyalarını kobud şəkildə pozmaları və törətdikləri hərbi cinayətlər, əlbəttə ki, onların nizamlanma məsələsini məzmunlu müzakirə etmək niyyətində olduqlarından xəbər vermir. Ancaq düşünürəm ki, Ermənistanı döyüş meydanında məğlub etməyimiz hər halda onlar üçün ciddi siqnal olmalıdır ki, bundan sonra imitasiya fəaliyyəti yürüdə bilməzlər, bizi aldada bilməzlər, ATƏT-in Minsk Qrupunun həmsədrlərini aldada bilməzlər, əsasən, məsələnin məzmunlu müzakirəsindən boyun qaçıra bilməzlər”.

İ.Əliyev əlavə edib ki, Azərbaycan Ermənistandan işğal olunmuş ərazilərdən qoşunlarının çıxarılması üzrə öhdəlik gözləyir: “Biz Ermənistan tərəfindən, ali rəhbərlik şəxsində işğal olunmuş ərazilərdən qoşunların çıxarılması üzrə öhdəlik əldə etməliyik. Hələlik biz bu barədə eşitməmişik. Ermənistan rəhbərliyi tərəfindən üzərinə bu öhdəlik götürülən kimi və ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən bu təsdiq olunan kimi, biz dərhal hərbi əməliyyatları dayandırmağa hazırıq. O şərtlə ki, Ermənistan tərəfi də hərbi əməliyyatları dayandıracaq, çünki atəşkəs üç dəfə pozulub, hər üçü də Ermənistan tərəfinin təqsiridir”.

Göründüyü kimi, ölkə başçısı Ermənistan üçün ciddi çıxış yollarının mövcudluğundan danışıb. Ancaq görüş ərəfəsində baş verən hadisələrdən görünür ki, Ermənistandan konstruktiv mövqe gözləmək inandırıcı deyil.

Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, konkret olaraq  Cenevrədə keçiriləcək görüşdən gözləntisi yoxdur: “İlk növbədə bundan əvvəl də humanitar atşkəs adı altında həyata keçirilməli olan rejimə Ermənistan tərəfindən necə əməl olunduğu göz qabağındadır. Cəbhədən kənarda olan ətraf rayonlar, o cümlədən Gəncə şəhəri vuruldu və nəticədə körpə, azyaşlı uşaqlar da daxil olmaqla, dinc əhalinin qəddarcasına məhvinə yönəlik addımlar atıldı. Bundan sonrakı mərhələlərdə Azərbaycan Prezidenti İlham Əliyevin etdiyi çıxışlarda, verdiyi müsahibələrdə yenə də Ermənistan tərəfini sülhə, danışıqlara çağırışı oldu. Lakin qarşı tərəf öz təcavüzkar siyasətindən əl çəkməyərək, Cenevrə şəhərində baş tutmalı olan danışıqlar ərəfəsində beynəlxalq aləm tərəfindən istifadəsi qadağan olunan kassetli bombalarla Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən Bərdə şəhərini atəşə tutdu. Bu da dinc əhali arasında, bir neçəsi körpə uşaq və yeniyetmə olmaqla, iyirmi bir nəfərin həlak olmasına səbəb oldu. İndiki halda da yuxarıda qeyd etdiyim məsələləri nəzərə almaq şərti ilə  reallaşa biləcək danışıqlardan heç nə gözləmirəm. Sözün düzü, ölkənin ali siyasi rəhbərliyində də danışıqların real duruma nəsə müsbət bir töhfə verəcəyi gözləntisi yoxdur. Çünki ölkə Prezidenti İlham Əliyevin özü də qarşı tərəfin danışıqlara hələ hazır olmadığını qeyd edib.

Düşündüyüm qədər, Ermənistan tərəfini danışıqlar masası arxasına oturtmağın və şərtlərimizi qəbul etdirməyin tək bir yolu var: cəbhə xəttindəki uğurlar. Güc dili ilə bizimlə danışmaq yolunu seçən düşmənimizə güc yolu ilə də cavab verilməlidir. Artıq reallıqlar başqadır. Əvvəl 5, sonra 2 rayon  məsələsi sülh yolu ilə nəzərdə tutulurdu. Ermənistan bundan imtina etdi. Artıq həmin rayonların çox əhəmiyyətli hissəsini Azərbaycan öz gücü ilə qaytarıb. Biz geriyə yox, irəliyə baxmalıyıq. İlham Əliyevin də mövqeyindən görünür ki, məsələyə çox prinsipial yanaşır. Tələb budur ki, 7 rayonu əhatə edən işğal altındakı ərazilər də heç bir şərt olmadan boşaldılsın. Laçın, Kəlbəcər və Şuşanın əldə edilməsi, yəqin ki, düşmən tərəfə real mesajımız olaraq, onlara həqiqətdə nəyə qadir olduğumuzu anladacaq. Sülh yolunu tutmasalar, biz yaxın günlərdə həmin əraziləri öz gücümüzə işğaldan azad edəcəyik”.

Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktivlik onları nəinki hərbi meydanda, həm də ümumən ölkə kimi məhvə aparır. Artıq Ermənistanın daxili ictimai rəyində Paşinyanın inadlar mövqeyi açıq tənqid edilir və onu ciddi güzəştlərə səsləyirlər.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər