Şair Əli Vahid Çaylının “Ürəyimin səsi” adlı kitabı işıq üzü görüb. Kitab müəllifin oxucularla növbəti görüşüdür. Kitabda şair yurd, Vətən, torpaq sevdasını misralara hopdurub oxucuların könlünə toxuyur. “Şirvan sorağında”, “Söz qibləgahım” kitablarındakı kimi bu kitabında da Ə.V.Çaylı oxuculara ana südü kimi müqəddəs, ata çörəyi kimi halal, dəyərli söz, poetik nümunələr ərmağan edir.
Qeyd edək ki, “Ürəyimin səsi” tanınmış şair Əli Vahid Çaylının 60 illik yubileyinə həsr edilib. Kitaba “Ürəyimin səsi”ndən görünən dünya” adlı ön söz yazan Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış publisist Fariz Çobanoğlu “Sözün gerçək mənasında Əli Vahid şairlikdən öncə bir söz yolçusudur...Çox vaxt onun şeirlərini öncə bir şair, sənətkar kimi deyil, bir vətəndaş mövqeyindən yazılmış düşüncələr kimi oxuyuram” - deyə yazır.
Könül bağçam çiçəklənib yaz olub,
Səni sevdiyimi soruşma məndən.
İlhamım göylərdən enib söz olub,
Misramı, bəndimi soruşma məndən...
Ə.V.Çaylının “Ürəyimin səsi” adlı şeirlər kitabının redaktoru, filologiya elmləri doktoru, professor Tahir Cəfərli, məsləhətçilər professor Nizaməddin Şəmsizadə, professor Ziyadxan Nəbibbəyli, şair, əməkdar müəllim Oqtay Rzadır.
İradə SARIYEVA