Azərbaycançılığın bizə verdiyi töhfə, bizim azərbaycançılığa göstərdiyimiz xidmət zamanla özünün yüksək həddinə çatacaq. Azərbaycançılıq ideologiyası deyəndə bu ancaq bir-iki tezislə, baxış bucağı ilə məhdudlaşmır. Bu böyük coğrafiyanı əhatə edən humanist bir ideologiyadır.
Bəllidir ki, milli muğamlarımız tarixən azərbaycançılığın əsas xətlərindən birini təşkil edib. Muğam ifaçılığı mədəniyyəti xüsusi bir dəst-xətt olub ki, bu özündə milli xüsusiyyətləri qoruyub. Azərbaycanda muğam məktəblərinin hər biri özünəxas şəkildə azərbaycançılığa xidmət edib. Muğam ifaçıları xalqımızın minillərlə yaşı olan musiqisini yaşadıb.
Tədqiqatçılar yazır ki, muğam ifaçılığının yayılmasında və onun professional şəkil almasında XIX yüzilin 20-ci illərindən XX yüzilin əvvəllərinə qədər Azərbaycan şəhərlərində yaranmış ədəbi və musiqi məclisləri böyük rol oynayıb. Bilirik ki, bu muğam mərkəzlərindən biri və ən məşhuru Şuşada fəaliyyət göstərən "Məclisi-Fəramuşan", "Məclisi-Üns", Musiqiçilər Cəmiyyəti, Şamaxıdakı "Beytüs-səfa" və Mahmud ağanın musiqi məclisi, Bakıda "Məcmə-üş-şüəra", Gəncədə "Divani-hikmət", Ordubadda "Əncümən-üş-şüəra", Lənkəranda "Fövcül-füsəha" idi. Tədqiqatçılar yazır ki, bu məclislərdə şairlər, ədiblər, musiqiçilər, sadəcə ziyalı şəxslər, klassik poeziyanın və musiqinin sərrafları və biliciləri toplaşır, muğamları diqqətlə dinləyir, musiqinin və şeirin incə ifası ətrafında müzakirələr aparırdılar. Muğamşünaslar yazır ki, məclis XIX yüzildə muğamların dinləyicilər qarşısında ifasının başlıca formalarından biri idi və bu ənənənin sönüb getməsi XX yüzilin əvvəllərində musiqi ifaçılığının konsert formasının üzə çıxması ilə, Azərbaycanda musiqi həyatının demokratikləşmə prosesi ilə bağlı olub. Muğamşünaslar bildirir ki, məclislər muğamın diqqətlə dinlənilməsinin xüsusi mədəniyyətini, eləcə də muğamın ifasına yüksək bədii tələblər irəli sürən zövqlü, başadüşən dinləyici mühitini ("ariflər məclisi") formalaşdırmışdı. Məclislər özlüyündə XIX yüzil-XX yüzilin əvvəlində Azərbaycan musiqiçilərinin professional baxımdan kamilləşməsində güclü stimul rolunu oynayıb.
Tədqiqatçılar yazır ki, məscidlər yanında rövzəxanlar məktəbi də (ayinlərdə musiqi repertuarının ifaçıları) müəyyən təhsil səviyyəsinə malik idi. Məlumatlara görə, burada yaxşı səsi olan oğlanlara muğamları savadlı tərzdə ifa etmək və klassik şeirləri düzgün tələffüz etməyi öyrədirdilər. XX yüzilin 20-ci illərinədək bu məktəblər muğam ifaçılarının professional baxımdan kamilləşməsinə yönəlik yeganə tədris ocağı idi.
Yazılanlara görə, XX yüzilin 20-ci illərindən başlayaraq - sovet dövründə Azərbaycanda musiqi təhsili, o cümlədən muğamın tədrisi 3 mərhələli sistem üzərinə köçürüldü: məktəb-texnikum-konservatoriya. Beləliklə, muğam sənətinin tədrisi prosesi indi formal olaraq 14-15 il vaxt aparır. İfaçılar özləri hesab edir ki, professional yetkinliyə 5-10 il praktik çıxışlardan tez olmayaraq çatmaq olar. Beləliklə, muğam ifaçısının ustad, yəni öz peşəsində əsl professional olmasından ötrü 20-25 il vaxt tələb olunur. Tələbin bu səviyyəsi özlüyündə muğamı şifahi ənənəli professional sənət səviyyəsinə qaldırır.
Tədqiqatçılar yazır ki, muğamları ifa sənəti musiqiçidən müstəsna musiqi yaddaşı və duyumu, eləcə də improvizasiya məharəti, yəni bəstəkarlıq istedadı tələb edir. Peşəkar musiqiçi bütün mövcud muğam repertuarını bilməli, məşqlərsiz camaat qarşısında çıxış etməyi bacarmaqla istənilən muğamı ifa etməlidir. Xanəndə klassik poeziyanı və əruzun vəznlərini yaxşı bilməli, 2 oktavadan az olmayan səs diapazonuna malik olmalıdır. İnstrumental ifaçı (sazəndə) bir-birindən fərqlənən solo və akkompanent versiyalarda muğamı ifa etməyi bacarmalıdır. Muğam ifaçısı bu tələblərə cavab verəndə ustad sayılır.
Həm keçmişdə, həm də indi muğam sənətinin tədrisi prosesi bilavasitə müəllimdən şagirdə ötürülməyin məlum formasında baş verir. Müəllim melodiyalardan parçaları ifa edir, tələbə onu tam yadında saxlayanadək təkrarlayır, bundan sonra növbə melodiyanın sonrakı fraqmentinə çatır və tələbə bütün melodiyanı bütövlükdə yadda saxlayanadək beləcə davam edir. Çox zaman tələbələr evdə onların əzbərlədikləri muğamlar yazılmış kompakt-disklərdən istifadə edir, eləcə də öyrəndikləri melodiyanı və müəllimin tövsiyələrini yazmaq üçün özləri ilə dərsə diktofon gətirirlər.
Tədqiqatçılar məlumat verir ki, muğam ifaçılığı mədəniyyəti parlaq musiqiçilərin - bütün Qafqazda və İranda məşhur olan xanəndələrin və sazəndələrin bir çox nəsillərinin yaradıcılıq nailiyyətlərindən formalaşıb. Keçmişin çox böyük sayda xanəndələrindən yalnız Mirzə Səttar, Hacı Hüsü, Məşədi İsi, Əbülhəsən xan Azər İqbal, Mirzə Muxtar Məmmədzadə, Cabbar Qaryağdı oğlu, Ələsgər Abdullayev, Əbdülbaqi Zülalov, Ağasəid Ağabalaoğlu, Mirtağı Mirbabayev, Məcid Behbudov, Keçəçi oğlu Məhəmməd, İslam Abdullayev, Məşədi Məmməd Fərzəliyev, Hüseynqulu Sarabski, Seyid və Xan Şuşinskilər, Bülbül, Zülfü Adıgözəlov kimi daha parlaq adları qeyd edə bilərik. Keçmişin daha parlaq sazəndələri sırasında tarzənlər Mirzə Sadıq Əsəd oğlu, Mirzə Fərəc Rzayev, Məşədi Cəmil Əmirov, Şirin Axundov, Məşədi Zeynal Haqverdiyev, Mirzə Mansur Mansurov, Qurban Pirimov, Bakıxanov qardaşları, Paşa Əliyev, Firuz Əlizadə, kamançaçılar İsmayıl Talışinski, Qılman Salahov, qarmonda ifaçı Abutalıb Yusifov, Kəmrabəyim, Əhəd Əliyev, Kərbəlayi Lətif, Teyyub Dəmirov, zurnaçı Əli Kərimov daha çox şöhrət qazanıb.
Tədqiqatçılar yazır ki, sovet dövründə muğam sənətini xanəndələr Əbülfət Əliyev, Qulu Əsgərov, Nəriman Əliyev, Həqiqət Rzayeva, Yavər Kələntərli, Zəhra Rəhimova, Cahan Talışinskaya, Fatma Mehrəliyeva, Rübabə Muradova, Şövkət Ələkbərova, Töhfə Əliyeva, Hacıbaba Hüseynov, Yaqub Məmmədov, tarzənlər Əhsən Dadaşov, Bəhram Mansurov, Baba Salahov, Kamil Əhmədov, Hacı Məmmədov, Həbib Bayramov, Məmmədağa Muradov, Əmirulla Məmmədbəyli, Xosrov Məlikov, Adil Gəray, Ənvər Mansurov, kamançaçılar Qılman Salahov, Tələt Bakıxanov, Elman Bədəlov, Ədalət Vəzirov, qarmonçular Lətif Əliyev, Abutalıb Yusifov, Əhəd Fərzəli oğlu, Məşədi Əli, Teyyub Dəmirov, xalq musiqi ifaçıları Nadir Axundov, Ağasəf Seyidov, Firuzə Zeynalova qoruyub saxlamış və inkişaf etdirmişlər.
Tədqiqatçılar vurğulayır ki, xanəndələr İslam Rzayev, Arif Babayev, Əlibaba Məmmədov, Canəli Əkbərov, Ağaxan Abdullayev, Alim Qasımov, Mənsum İbrahimov, Səkinə İsmayılova, Qəndab Quliyeva, Mələkxanım Əyyubova, Zabit Nəbizadə, Zahid Quliyev, tarzənlər Ağasəlim Abdullayev, Vamiq Məmmədəliyev, Möhlət Müslümov, Firuz Əliyev, Sərvər İbrahimov, kamançaçılar Habil Əliyev, Mirnazim Əsədullayev, Şəfiqə Eyvazova, Fəxrəddin Dadaşov kimi ifaçılar və pedaqoqlar da Azərbaycan muğam ifaçılığı mədəniyyətinə böyük töhfələr vermişlər.
Məlumatlara görə, Azərbaycan musiqiçiləri müsəlman Şərqində ilk dəfə olaraq Avropaya qastrollara çıxmaqla və qrammofon valları yazdırmaqla muğam üçün qeyri-ənənəvi dinləyici auditoriyasına müraciət etməyə başlamışlar. İlk dəfə 1906-cı ildə "Qrammofon" ingilis Səhmdar Cəmiyyəti məşhur xanəndə Cabbar Qaryağdıoğlu və digər Azərbaycan musiqiçilərinin ifasında Azərbaycan musiqisini qrammofon vallarına yazıb. 1906-cı ildən 1914-cü ilə qədər olan dövrdə Avropanın bir neçə qrammofon səsyazma firması, o cümlədən Fransanın "Pate qardaşları" şirkəti, "Sport-Rekord" alman Səhmdar Cəmiyyəti, "Ekstrafon", "Konsert-Rekord", "Monarx-Rekord", "Qrammofon-Rekord", "Premyer-Rekord" Rusiya şirkətləri Azərbaycan muğamları, təsnifləri və rəngləri yazılmış onlarca val buraxmışlar.
Bildirilənə görə, Azərbaycanda sovet rejimi qurulduqdan sonra, xüsusən də keçən əsrin 30-cu illərindən başlayaraq, musiqi mədəniyyəti tamamilə dövlətin nəzarəti altına keçir. Sovet dövlətinin yürütdüyü "dəmir pərdə" siyasəti uzun müddət Azərbaycan musiqisi üçün beynəlxalq musiqi məkanına çıxışı bağlamışdı. XX yüzilin əvvəllərində, Şərq incəsənəti Qərb auditoriyasında maraq doğurduğu vaxtlarda Azərbaycan musiqiçiləri məlum siyasi vəziyyətə görə ona sərbəst çıxışa malik olmadıqları kimi, sovet Şərqinin ənənəvi musiqiçiləri də belə bir çıxışa malik deyildi. Müvafiq olaraq Qərbin bədii məkanında müsəlman Orta Şərqinin musiqi mədəniyyətlərindən daha çox yeri ərəb, İran və türk ənənəvi musiqisi tutub. Xarici mədəni məkanda Azərbaycan muğamının mövqeyinin itirilməsi ilə yanaşı, Azərbaycanın özünün daxilində də keçən yüzilin 20-30-cu illərinin məlum şüarlarında ifadə olunmuş nihilist tendensiya ("doloy tar!", "doloy muğam") tədricən muğam sənətinin ictimai statusunu laxlatdı.
Məlumatlara görə, XX yüzilin 30-cu illərindən başlayaraq, 70-ci illərədək olan dövrdə Azərbaycan cəmiyyətində muğamata primitiv sənət kimi baxış tədricən möhkəmlənməyə başladısa da, hər halda, cəmiyyətdə, onun müəyyən bir hissəsində muğamatın populyarlığını azaltmadı. Muğam sənətinə münasibət yalnız XX yüzilin 70-ci illərində, UNESCO-nun himayəsi altında ənənəvi musiqinin ilk beynəlxalq simpoziumları və festivallarının (Moskva 1971, Alma-Ata 1973, Səmərqənd 1978, 1983) keçirilməsindən və bu hadisələrin sovet cəmiyyətində geniş əks-səda doğurmasından sonra dəyişməyə başlayır. Bu tədbirlər ənənəvi musiqi sənətinə marağın oyanmasına və ona yüksək dərəcəli professional sənət olaraq baxışların formalaşmasına rəvac verdi.
Bildirilənə görə, XX yüzilin 90-cı illərindən başlayaraq Azərbaycan muğam sənəti dünyanın hər yerində dinləyicilərin, mütəxəssislərin və menecerlərin diqqətini get-gedə daha geniş şəkildə özünə cəlb etməyə başlayır. Azərbaycanın ənənəvi musiqiçiləri beynəlxalq festivallarda iştirak edir, dünyanın hər yerinə qastrollara çıxır, onların diskləri Qərbin ən iri səsyazma studiyalarında buraxılır.
Tədqiqatçılar vurğulayır ki, muğam sənəti XX yüzil Azərbaycan bəstəkarlarının yaradıcılığına ilham verən qaynaq olmuş və olaraq qalır. 1908-ci ildən-Bakıda Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun Azərbaycanda professional musiqi teatrının başlanğıcı olan ilk operasının səhnəyə qoyulduğu tarixdən muğamlar bir çox Azərbaycan musiqi əsərinə və yeni janrlara həyat verib. Sonuncular sırasında muğam operası (Üzeyir və Ceyhun Hacıbəyov qardaşları və b.), simfonik və xor muğamları (Fikrət Əmirov, Niyazi, Süleyman Ələsgərov, Nazim Əliverdibəyov), sonata-muğam (Aqşin Əlizadə, Nəriman Məmmədov), caz-muğam (Vaqif Mustafazadə, Rafiq Babayev, Əzizə Mustafazadə) göstərilə bilər. Azərbaycan bəstəkarlarının ayrı-ayrı əsərlərinin bu gün də böyüməkdə olan çox uzun bir siyahısı muğam ənənələrinə əsaslanır.
Bu gün Azərbaycanda muğam sənəti inkişaf edir. Respublikamızda muğama göstərilən böyük dövlət qayğısı öz nəticəsini verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ustad və gənc xanəndələrə bəslədiyi sayğı təqdirəlayiqdir. Ölkə başçısının sərəncamları ilə sənətkarlara Prezident təqaüdü verilib, onlar fəxri adlara layiq görülüb. Bu gün muğamlarımız Heydər Əliyev Fondu tərəfindən himayə edilir. Bilirik ki, Heydər Əliyev Fondu muğam ifaçıları ilə bağlı bir sıra işlər görüb və o işlərin hər biri muğam sənətinin inkişafına, tərəqqisinə böyük təkan verir.
Azərbaycançılığın təbliğində mühüm xidmətləri olan muğam sənəti və xanəndələr, qəzəlxanlar Vətəni, torpağı, el-obanı tərənnüm edib. Muğam ifaçıları dünyanın hansı nöqtəsinə getsələr orada Azərbaycanı, azərbaycançılığı tərənnüm edib, xaricdə yaşayan azərbaycanlıları Azərbaycan dövlətinə sadiq olmağa səsləyiblər.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.