Aşqabadda Türkiyə Prezidenti Ərdoğanla Rusiya Prezidenti Putin arasında görüş olub. Bağlı qapılar arxasında keçirilən və təxminən 40 dəqiqə çəkən danışıqlarla bağlı mətbuata heç bir açıqlama verilməyib.
Görüşdə Türkiyədən xarici işlər naziri Hakan Fidan və enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarın da aralarında olduğu yüksək vəzifəli şəxslər, Rusiya tərəfdən isə Putinin köməkçisi Yuri Uşakov, Baş nazirin müavini Aleksandr Novak, Kremlin sözçüsü Peskov və Tatarıstanın başçısı Rüstəm Minnixanov də iştirak edib.
Peskovun sözlərinə görə, Rusiya və Türkiyə liderləri danışıqları məhdud tərkibdə, nümayəndə heyətlərinin iştirakı olmadan davam etdiriblər.
Görüşdə Ukrayna böhranı və Avropanın dondurulmuş Rusiya aktivlərini ələ keçirmək cəhdləri müzakirə olunub. Peskov, hər iki liderin bu hərəkətlərin beynəlxalq maliyyə sisteminə zərər verəcəyi barədə həmfikir olduğunu bildirib.
Danışıqların gündəliyində böyük birgə layihələr, o cümlədən Türkiyə tərəfinin müəyyən edilmiş müddətdə istifadəyə verilməsini gözlədiyi “Akkuyu” Atom Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi də yer alıb.
TAHİR