DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınan sürücü saxlanaraq istintaqa cəlb edilib.
2015-ci il aprel ayının 10-da Hacıqabul-Şirvan yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsinin 3-cü kilometrliyində naməlum sürücünün idarə etdiyi avtomobillə yolu keçmək istəyən İlqar İsmayılovu vurması, sonuncunun aldığı bədən xəsarətləri nəticəsində hadisə yerində ölməsi və sürücünün hadisə yerindən yayınması faktına görə RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanıb.
Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin rayon sakini Şamxal Xancanov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Saxlanan şəxs dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edərək, izi itirmək üçün avtomobili ayrı-ayrı hissələrə bölüb satdığını bildirib.
Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Toğrul NƏSİRLİ polis leytenantı