Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları əllərdə qanunsuz saxlanan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.
Belə ki, Baş İdarəyə İmişli sakini Rafiq Əhmədovun üzərində qanunsuz olaraq odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs Abşeron rayonu ərazisində polislər tərəfindən saxlanıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Zəfər” markalı tapança, 1 ədəd sandıqça və 10 ədəd patron aşkar olunaraq götürülüb.
R.Əhmədov ifadəsində tapançanı tanışı Samir adlı şəxsdən aldığını bildirib. Baş İdarə əməkdaşlarının keçirdiyi əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs - Yasamal rayon sakini Samir Həsənov da saxlanaraq istintaqa təqdim edilib. S.Həsənov ifadəsində silahın ona məxsus olduğunu etiraf edib.
Faktla bağlı hər iki şəxs barəsində Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 228.1(Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb. Barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.