Xətai rayonu ərazisində mənzillərdən silsilə oğurluqlar edən şəxs saxlanıb. Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarıştədbiri nəticəsində əvvəllər məhkum olunmuş paytaxt sakini Emin Cabbarov saxlanıb.
O, ifadəsində Xətaidə 4, Yasamal rayonunda isə 1 mənzildən oğurluq etdiyini bildirib. E.Cabbarov əsasən günorta saatlarında ev sahiblərinin işdə olduğu saatlarda mənzillərdən pul və qızıl-zinət əşyaları oğurlayıb.
Saxlanan şəxs ifadəsində qeyd edib ki, oğurluqlar zamanı ev sahiblərini şübhələndirməmək üçün mənzildə qiymətli əşyalar axtararkən ətrafı dağıtmayıb. Səliqəli şəkildə mənzili axtaran E.Cabbarov pul və qızılı götürəndən sonra hadisə yerlərindən uzaqlaşırmış. Faktla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, oğurluqlar etməkdə şübhəli bilinən bu şəxsin digər cinayətlərdə iştirakı da istisna olunmur. Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Xətai RPİ müraciət edə bilər.