Mayın 4-də Şəki ŞRPŞ-yə ərizə ilə müraciət edən şəhər sakini Ə. Əhmədov ona məxsus mağazadan naməlum şəxs və ya şəxslər tərəfindən müxtəlif növ siqaretlərin, pul və digər əşyaların oğurlanması barədə məlumat verib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanıb. ŞRPŞ-nin Cinayət Axtarış və İstintaq bölməsinin əməkdaşları tərəfindən keçirilən birgə tədbirlər nəticəsində oğurluğu edən şəxslərin Bakı şəhər sakinləri Ağakərim İbrahimov, Fuad Dadaşov və bir yeniyətmə olduğu müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanaraq Polis Şöbəsinə gətirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.