Xəbər verildiyi kimi, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fermerlərə subsidiyaların vahid mexanizm vasitəsilə çatdırılması istiqamətində işlər aparılır. Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, 2020-ci ildən yeni subsidiya mexanizmi həyata keçiriləcək.
Məlumat üçün bildirək ki, bu il iyunun 27-də Prezident İlham Əliyev "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" Fərman imzalayıb. Sənəd subsidiyaların fermerlərə vahid mexanizm vasitəsilə çatdırılmasını nəzərdə tutur.
Nicat Nəsirli: “Yeni subsidiya qaydalarının əsas strateji hədəfi bitkiçilik və heyvandarlıq sahəsi üzrə keyfiyyət göstəricilərinin yüksəlməsidir”
Yeni subsidiya mexanizminin əhəmiyyəti barəsində fikir bildirən aqrar sahə üzrə ekspert Nicat Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında bunları qeyd etdi: “Yeni subsidiya mexanizmi elektron idarəetmədir. İndiyə kimi, subsidiyanın verilməsi üçpilləli şəkildə həyata keçirilirdi. Ölkə üzrə 1353-dən çox komissiya subsidiyanı təyin edirdi. Məlumat üçün bildirim ki, subsidiya proqramı 2007-ci ildən Azərbaycanda həyata keçirilir. Kənd təsərrüfatının stimullaşdırılmasında subsidiya bir alət kimi mühum rol oynayıb. Ancaq son illər keyfiyyət göstəricisində subsidiyanın ciddi təsiri qeydə alınmayıb”.
Həmsöhbətimizin sözlərinə görə, yeni subsidiya qaydalarının əsas strateji hədəfi bitkiçilik və heyvandarlıq sahəsi üzrə keyfiyyət göstəricilərinin yüksəlməsidir. Bu səbəbdən də məlum proqramın idarə olunması lazımdır. Subsidiya proqramına daxil olan 400 minə yaxın fermerin bütün təsərrüfat məlumatı elektron sistemə işlənib: “İndiyə qədər fermerlərin özləri subsidiyanın həcmini təyin edirdi. Ancaq indi isə elektron sistemdə fermerin təsərrüfat göstəricilərinə baxılaraq ona subsidiya məbləği təyin olunacaq. Onu da deyim ki, əvvəllər fermerlər subsidiya məbləğinin 100 faizini nağdlaşdıra bilirdi, hətta bəzən ünvanlı şəkildə istifadə olunurdu. Ancaq indi fermer subsidiyanın 25 faizini nağdlaşdıra bilər, 75 faizini isə kənd təsərrüfatı xidmətlərinə istiqamətləndirməlidir. Və bu xidmət elektron sistemdə görünəcək”.
Həmsöhbətimiz bildirdi ki, yeni subsidiya qaydaları bizim istehsalçılara təklif edir ki, korporasiyalar yaratmaq lazımdır. Korporasiyalaşmanın yeni subsidiya prizmasında üstünlüyü ondan ibarətdir ki, mövsümi qiymət təlatümlərini aradan qaldırmaq mümkün olacaq. Bununla da istehsal planlanacaq. Liberal bazar iqtisadiyyatının prinsiplərinə uyğun olaraq, istehsalçılara məhsulların əlçatanlığı təmin olunacaq. Bununla yanaşı, ixtisaslaşma müəyyən olunacaq. Məhsulun hansı rayonda əkilməsi təyin olunacaq: “Danılmaz faktdır ki, regionların iqlim şəraiti və torpağı nəzərə alınmadan əkin əkilirdi. Ancaq yeni subsidiya qaydalarında hansı rayonda nəyin əkilib-əkilməyəcəyi qeyd olunacaq”.
Günel CƏLİLOVA