Məlum olduğu kimi, Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli sərəncamlarına əsasən, sentyabrın 1-dən ölkəmizdə minimum əməkhaqqı 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılıb. Eyni zamanda, dövlət sektorunda çalışanların əməkhaqlarında 20-50 faiz artımlar edilib.
Bununla da Azərbaycanda minimum əməkhaqqı məbləğinin 92,3 faiz artırılmasına, eyni zamanda, bu məbləğin yaşayış minimumunu (180 manat) 40 faiz üstələməsinə nail olunub.
Minimum əməkhaqqının artımı ilk pilləsi minimum əməkhaqqı məbləği səviyyəsində olan vahid tarif cədvəlinin bütün pillələri üzrə edilən artımlar da nəzərə alınmaqla 950 min nəfərin (o cümlədən, dövlət sektoru üzrə 600 min, özəl sektor üzrə 350 min nəfərin) maaşının artmasına imkan verib.
Azərbaycan minimum əməkhaqqının səviyyəsinə görə tək qonşu ölkələrlə deyil, MDB ölkələri ilə müqayisə edildikdə alıcılıq qabiliyyəti indeksi üzrə artıq ikinci yerə sahibdir. Dövlət başçısının 18 iyun 2019-cu il tarixdə imzaladığı sərəncamlarla, eyni zamanda, dövlət sektorunda işləyənlərin əməkhaqlarının 20-50 faiz artırılması isə 400 min vətəndaşı əhatə edib.
İkinci sosial paketin tərkib hissəsi kimi, minimum əməkhaqqının və dövlət sektorunda işləyənlərin əməkhaqlarının artımı ümumən 1 milyon 350 min insanın əməkhaqqı gəlirlərinin əhəmiyyətli şəkildə artması ilə nəticələnib.
Bütövlükdə, sentyabrın 1-dən 1 milyon 350 min nəfərin əməkhaqqının artırılmasının əhəmiyyətini ekspertlər necə dəyərləndirirlər?
Rəsul Cahangirli: “Bu, ölkədə əhalinin sosial vəziyyətinin yaxşılaşmasına necə böyük diqqət göstərilməsinin nümunəsidir”
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, bir belə vətəndaşın aylıq məvacibinin artırılması çox mühüm hadisədir: “Bu, ölkədə əhalinin sosial vəziyyətinin yaxşılaşmasına necə böyük diqqət göstərilməsinin nümunəsidir. Çünki bunun nəticəsində çoxsaylı vətəndaşın sosial vəziyyəti yaxşılaşacaq. Bu günə qədər ölkə başçısı tərəfindən imzlanan fərman və sərəncamlar əhalinin sosial rifah halının yaxşılaşmasına yönəlib. Həmin sərəncamlardan biri də minimum əməkhaqlarının artırılması oldu. Nəzərə almaq lazımdır ki, ilin əvvəlindən ölkə başçısı əhalinin sosial müdafiəsi ilə bağlı 40-a yaxın fərman və sərəncam imzalayıb. Bütün bunların sayəsində 4 milyona yaxın ölkə vətəndaşının həyat şəraiti yaxşılaşmış oldu. Çünki pensiyalar, sosial müavinətlər, büdcədən maliyyələşən bütün təşkilatlarda çalışan işçilərin əməkhaqları artırıldı. Bu tədbirlərdən ən böyüyü isə minimum əməkhaqqının artırılması idi. Minimum əməkhaqqı bu il ərzində 2 dəfəyə yaxın artdı. İlin əvvəlində minimum əməkhaqqı 116 manat təşkil edirdisə, Prezidentin birinci sərəncamı ilə martın 1-dən 180 manata qaldırıldı. Növbəti sərəncamda isə bu məbləğ 180-dən 250 manata yüksəldi. Bütövlükdə, 1 milyon 350 min nəfərin əməkhaqqının artırılması xeyli sayda ölkə vətəndaşının yaşayış səviyyəsinin yaxşılaşmasına müsbət təsir edəcək”.
Vidadi ORDAHALLI