20/09/2019 23:10
728 x 90

Banklarda manat depozitləri artır, valyuta depozitləri azalır, nə baş verir...

“Banklarda manat depozitlərinin artmağa doğru getməsi əsasən milli valyutaya inamın yüksəlməsi ilə bağlıdır”

img

Depozitlər həm fiziki, həm hüquqi şəxslərin bankda saxladıqları pul vəsaitləridir. Bu şəxslər bankda pul saxlamaqla həm faiz gəlirləri əldə edir, həm də öz pullarını risqlərdən (itki, oğurluq və s.) qoruyurlar. Banklar özləri isə həmin əmanətlərlə kredit verərək gəlir qazanırlar.

Mərkəzi Bankın statistikasına əsasən məlum olur ki, banklara qoyulan əmanətlər ildən-ilə artmaqdadır. Diqqətçəkən məqam ondan ibarətdir ki, banka qoyulan manat depozitlərində artım tendensiyası müşahidə edilir. Əmanətləri manat və xarici valyutaya ayırsaq, manatla qoyulan əmanətlər artır. Ancaq son aylar müşahidə edilən proseslər onu göstərir ki, banklarda manatla qoyulan depozitlər artır, xarici valyuta ilə qoyulan depozitlər azalır. Belə ki, 2019-cu il iyun ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz artaraq 8622,9 milyon manat təşkil edib.

Düzdür, əmanətlərin 57,4 faizi xarici, 42,6 faizi isə milli valyutada qoyulub. Ancaq milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 25,8 faiz artıb, xarici valyutada əmanətlər isə təqribən eyni səviyyədə qalıb.

Ümumən, depozitlərlə bağlı nə baş verir? Ekspertlər bunu necə dəyərləndirirlər?

  • Rəsul Cahangirli: “Buna artıq həm ölkə iqtisadiyyatı, həm də vətəndaşlarımız adaptasiya olublar”

Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, bu, manata inamın artması ilə bağlıdır: “Açıqlanan rəqəmlərdən milli valyutaya inamın artması müşahidə olunur.  Çünki uzun müddətdir manat öz möhkəmliyini qoruyur. Buna artıq həm ölkə iqtisadiyyatı, həm də vətəndaşlarımız adaptasiya olublar. Məzənnənin uzun müddətdir sabit qalması milli valyutaya inamı daha da artırıb. Bu səbəbdən də əmanətlərin milli valyuta ilə qoyuluş həcmi də artıb. Həmçinin, artıq vətəndaşlar bu kimi məsələləri təhlil edə bilir və onlar real vəziyyəti analiz edib qərar verirlər. Nəzərə almaq lazımdır ki, 2015-ci ildə ard-arda devalvasiya baş verdi və 2016-cı il ərzində isə manat təxminən 15 faizə yaxın ucuzlaşdı. Bu da vətəndaşlarda manata inamı aşağı saldı. Nəticə olaraq, vətəndaşlar banklarda olan əmanətlərini geri çəkdilər. Geri çəkməyənlər isə xarici valyutaya çevirdilər. Beləliklə, həmin dövrdə banklara dollarla əmanət qoyuluşu 90 faizə qalxdı. Ancaq 2017-ci ildən ölkənin valyuta bazarında sabitlik yarandı və manatın məzənnəsi 1.70-də sabit dayandı. Bu, əhalidə əvvəlki dövrdə manatla bağlı itmiş inamın bərpasına şərait yaratdı. Başqa bir tərəfdən, 2016-cı ilin mart ayında əmanətlərin sığortalanması haqqında qanun qəbul edildi. Həmin qanunda manatla yerləşdirilən əmanətlərdə faiz dərəcəsi dollar ilə müqayisədə daha çox idi. Qanuna əsasən, manatla olan əmanətlər tam olaraq sığortalandı. Bu addım da əhalidə banklara inamın artmasına müsbət təsir etdi. Bu amilin də rolu var. Ancaq banklarda manat depozitlərinin artmağa doğru getməsi əsasən milli valyutaya inamın yüksəlməsi ilə bağlıdır”.

Vidadi ORDAHALLI

Son xəbərlər