24/10/2019 09:29
728 x 90

Prezidentin sosial islahatlar paketinin daha bir istiqaməti üzrə əməkhaqqı artımları başlayır

“Maaş artımı əsasən sosial sahədə çalışan işçilərdə qeydə alınacaq”

img

Xəbər verildiyi kimi, dövlət büdcəsindən maliyyələşən 18 qurumun əməkdaşlarının maaşı artır. Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşlarının artırılması haqqında qərara dəyişiklik edib.

Dəyişikliyə əsasən, həmin işçilərin vəzifə maaşları 30-40%-dək artırılaraq yeni Vahid Tarif Cədvəli təsdiq edilib. Əməkhaqları Vahid Tarif Cədvəli əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışanlar daxildir. Məlumat üçün bildirək ki, maaş artımı sentyabrın 1-dən tətbiq ediləcək.

Dövlət büdcəsindən maliyyələşən təşkilatların əməkhaqlarının 30-40 faiz dəyərində artması həmin sektorda çalışan işçilərin sosial vəziyyətinin inkişaf etməsinə səbəb olacaq. Qeyd edək ki, tək dövlət büdcəsindən maliyyələşən deyil, eyni zamanda, bütün sahələrdə çalışan şəxslərin aylıq maaşlarının artımı ölkə başçısı İlham Əliyevin diqqətindədir. Ümumiyyətlə, Prezidentin sosial islahatlar paketinin əsas istiqamətlərindən biri də əməkhaqlarının artmasıdır.

Bu ilin əvvəlindən bu yana vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üçün ard-arda iki sosial paket qəbul olunub.

  • Vüqar Bayramov: “…xüsusən də aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılmasına təkan verəcək”

İqtisatçı-ekspert Vüqar Bayramov bildirdi ki, maaş artımının tətbiq edilməsi xüsusən də aztəminatlı ailələrin sosial rıfahının yaxşılaşdırılmasına təkan verəcək: “Maaş artımı əsasən sosial sahədə çalışan işçilərdə qeydə alınacaq. Az əməkhaqqı alan və əsas qrup olan vətəndaşların əməkhaqqında 40 faiz artım müşahidə olunacaq. Bu artımlar sayəsində sosial qayğıya ehtiyacı olan vətəndaşların gəlirlərində artım baş verəcək. Bu istiqamətdə daha çox vəsaitin ayrılması gözlənir”.

Həmsöhbətimiz onu da vurğuladı ki, tək bu il ərzində bir sıra sahələrdə əməkhaqqı artımı yaşanıb. Əməkhaqqı ilə yanaşı, minimum əməkhaqqı, müavinətlərin həcmi də artıb. Məlumdur ki, sentyabrın 1-dən minimum əməkhaqqı da artacaq. Bütövlükdə, 2019-cu ildə tətbiq edilən sosial paket 3 milyondan artıq vətəndaşı əhatə edəcək. Eyni zamanda, digər sahələrdə də əməkhaqları artır və artacaq.

Günel CƏLİLOVA

Son xəbərlər