“Əmanətlərin strukturunda ciddi dəyişikliklər baş verdi və dollarla olan əmanətlər manatla əvəzləndi”
"Azərbaycanda dollarlaşma aşağı düşməyə başlayıb". Məlum olduğu kimi, bunu Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov qeyd edib. O, əmanətlərin dollarlaşmasının 2016-cı ildə pik nöqtədəki 85 faizdən 56 faizə düşdüyünü deyib: "Dedollarlaşma, deməli, bizim o böhran dövründə dollarlaşma baş verdi. Bu gün biz görürük ki, dollarlaşma aşağı düşməyə başlayıb. Fiziki şəxslərin əmanətlərinin dollarlaşması 2016-cı ildə pik nöqtədəki 85 faizdən 56 faizə, kreditlərin dollarlaşması müvafiq olaraq 52 faizdən 35 faizə qədər aşağı düşüb". Görünən odur ki, iqtisadiyyatda müşahidə edilən müsbət dinamika bank sektorunda bəzi müsbət meyllərin özünü göstərməsinə şərait yaradıb. Bu səbəbdən banklarda müəyyən müsbət göstəricilər qeydə alınmağa başlayıb. Artıq əhalinin əmanətləri artır və onun strukturunda dollarlaşma səviyyəsi azalır. Bununla belə, kreditləşdirmə səviyyəsi genişlənir, aktivlərin bərpası meyli nəzərə çarpır. Ümumilikdə, iqtisadiyyatda müşahidə edilən pozitiv məqamlar fonunda ekspertlər əmanətlərin və kreditlərin dollarlaşma səviyyəsinin aşağı düşməsini necə dəyərləndirir?
Məsələyə münasibət bildirən iqtisad elmləri doktoru Fikrət Yusifov buna bir neçə aspektdən yanaşdı: “Son illər ərzində Azərbaycanın milli valyutası olan manatın sabitliyinin dayanıqlı olması iqtisadiyyatda baş verən müsbət proseslərlə bağlıdır. Eyni zamanda, hökumətin manatın məzənnəsinin sabit qalması ilə bağlı gördüyü tədbirlər və ümumiyyətlə maliyyə sabitliyinin təmin edilməsi ilə bağlı görülən işlər nəticəsində bu mümkün olub. Məlum olduğu kimi, bu tədbirlər çərçivəsində əmanətlər 3 il sığortalandı. Daha sonra bu müddət uzadıldı. Bütün bunların hamısı manata inamın artması baxımından mühüm əhəmiyyət kəsb edir. Bununla belə, bu ilin fevralında Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı imzaladığı məlum fərman, 2015-ci ildə manatın məzənnəsi ilə bağlı baş verən devalvasiya ilə əlaqədar banklara dəymiş ziyanın ödənilməsi ilə bağlı görülən işlər bu işdə öz müsbət rolunu oynayıb. Bütövlükdə, ölkənin bank-maliyyə sisteminin möhkəmləndirilməsi, sabitləşdirilməsi istiqamətində dövlətin atdığı addımlar və görülən tədbirlər nəticəsində vəziyyət normal məcraya düşüb. Necə deyərlər, belə müsbət nəticə əldə olunub. Manata inam artıb. Əmanətlərin strukturunda ciddi dəyişikliklər baş verdi və dollarla olan əmanətlər manatla əvəzləndi. Həmçinin, manatla verilən kreditlərin həcmi artdı. Bütün bunlar görülən tədbirlərin nəticəsidir ”.
Vidadi ORDAHALLI