Azərbaycan Prezidenti İlham Əliyev iyulun 31-də keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə deyib ki, biz süni qiymət artımına yol verə bilmərik: "Baxmayaraq ki, inflyasiya aşağı səviyyədədir, ancaq bəzi hallarda süni qiymət artımı da müşahidə olunur. Müvafiq qurumlar bu məsələ ilə ciddi məşğul olmalıdırlar. Mənə məlumat verilən kimi, dərhal göstərişlər verilir. Yəni istehlak bazarına daim nəzarət olmalıdır. Çünki burada kartel sövdələşmələri də istisna deyil. Əlbəttə ki, biz süni qiymət artımına yol verə bilmərik. Çox ciddi nəzarət mexanizmi olmalıdır. Bu sahə daim diqqət mərkəzində olmalıdır”.
Bəllidir ki, ölkədə süni qiymət artımı ilə məşğul olan işbazlar var. Bu amil ölkə başçısı səviyyəsində etiraf edilirsə, deməli, vəziyyət olduqca ciddidir və bununla mübarizə prioritetə çevrilməlidir. Belə zərərli amillərlə hansı səviyyədə mübarizə aparılmalıdır ki, effekti güclü olsun?
Fikrət Yusifov: “Cərimələr də artmalıdır ki, həmin işbazlar bir manat qazanmaqla 100 qat əvəzini ödəyəcəklərini bilsinlər”
İqtisad elmlər doktoru Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanda süni qiymət artımı ilə məşğul olan xüsusi bir qurum var: “Bu cür zərərli amillərlə mübarizə aparmaq onların səlahiyyətinə aiddir. Hesab edirəm ki, ölkə başçısının müvafiq göstərişindən sonra həmin qurum öz səlahiyyətləri daxilində mübarizəni daha da gücləndirəcək. Digər tərəfdən, ictimai nəzarət də öz sözünü deməlidir. Hesab edirəm ki, qiymətlərin bu şəkildə artırılması sentyabrda ciddi problemlərə səbəb ola bilər. Çünki həmin vaxt dövriyyəyə böyük pul kütləsi daxil olacaq. Söhbət əməkhaqları və bəzi müavinətlərin artırılmasından gedir. Bunu düşündükdə, onda belə addımları atanlara bir ad vermək olar: möhtəkirlər. Bu cür əməllərə qarşı həm də sərt hüquqi ölçülər götürülməlidir. Gördünüz ki, ölkə başçısı öz çıxışında bu amilə xüsusi vurğu etdi. Bilirsiniz ki, ölkədə elə güclü inflyasiya yoxdur ki, qiymət artımı onunla əsaslansın. Cərimələr də artmalıdır ki, həmin işbazlar bir manat qazanmaqla 100 qat əvəzini ödəyəcəklərini bilsinlər. Bütün hallarda, hamının üzərinə böyük məsuliyyət düşür. Hətta sadə vətəndaşlarımız da belə halları müəyyən etdikdə öz etirazlarını, şikayətlərini lazımi instansiyaya çatdırmalıdırlar”.
Məhəmmədəli QƏRİBLİ