Azərbaycan “Cənub Qaz Dəhlizi” (CQD) layihəsinin həyata keçirilməsi üçün Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi – MİGA ilə bağlanmış kredit müqaviləsi çərçivəsində $750 mln. məbləğində kreditdən imtina edə bilər. Bunu maliyyə naziri Samir Şərifov deyib.
“Sevindirici haldır ki, bu layihə üzrə nəzərdə tutulmuş maliyyələşdirməyə tam ehtiyac yaranmamışdır, lakin xarici maliyyə qurumları ilə danışıqlar aparılmışdı, yəni onlar bu vəsaitləri ayırmağa hazır idilər. Amma birinci paket olaraq biz 2 milyardlıq borclanmadan imtina etdik”, - deyə o, iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə bildirib.
Nazirin sözlərinə görə, Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi – MİGA ilə Cənub Qaz Dəhlizi şirkəti tərəfindən $750 mln. məbləğində kredit müqaviləsi bağlanıb.
“İndi isə o kreditin götürülməsinə ehtiyac yoxdur. Yəni, həm o layihə üzrə qənaət hesabına, həm də layihənin işə salınması ilə əlaqədar bizim o şirkətimiz artıq sərbəst maliyyə axınına malik olub və o, vəsait hesabına bu borcları təmin edir”, - deyə S.Şərifov vurğulayıb.
“Cənub Qaz Dəhlizi” layihəsi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
Layihənin ümumi dəyəri $40 mlrd.-dır.
10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz 2018-ci ilin yayından ixrac edilir.