Açıqlanan statistik rəqəmlərə əsasən, əhalinin banklara qoyduğu müddətli əmanətləri azalıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumatda qeyd olunur ki, 30 iyun 2019-cu il tarixində fiziki şəxslərin (əhalinin) müddətli əmanətləri 5 milyard 337.4 milyon manat təşkil edib.
Bu, cari ilin mart ayının sonu ilə müqayisədə 128,4 milyon manat, ötən ilin sonu ilə müqayisədə isə 141,6 milyon manat azdır. May ayının sonu ilə müqayisədə iyun ayında müddətli əmanətlər 43,4 milyon manat azalıb. Müddətli əmanətlər ötən ilin dekabr ayının sonunda 5 milyard 479 milyon manat, martın sonunda 5 milyard 465.8 milyon manat, mayın sonunda isə 5 milyard 380.8 milyon manat təşkil edib.
Əli Əlirzayev: “Banklara marağın, inamın artırılması olduqca vacibdir ki, banklar daha çox depozit cəlb edə bilsinlər”
Qeyd edək ki, ilin əvvəlində banka qoyulan əmanətlərdə artım qeydə alınmışdı. Ancaq son aylar bu sahədə durğunluq yaşanır. Bank əmanətlərinin nə səbəbdən azalmasını öyrənmək üçün iqtisadçı-ekspert Əli Əlirzayevə müraciət etdik. O, “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, banklara marağın, inamın artırılması olduqca vacibdir ki, banklar daha çox depozit cəlb edə bilsinlər: "Banklara marağın az olması, inamın aşağı olması ümumi səbəbdir. Çalışmaq lazımdır ki, vətəndaşlar əmanətlərini valyuta səbəti formasında saxlasınlar, yalnız bir valyutada saxlamasınlar. Bu, nəticə etibarilə, vətəndaşlara imkan verə bilər ki, mövcud valyuta risqlərindən sığortalana bilsinlər".
Həmsöhbətimiz onu da vurğuladı ki, bank əmanətlərinin azalması müvəqqəti xarakter daşıyır: “Məlumdur ki, yay fəslində əhalinin bir qismi istirahət üçün ölkədən kənara çıxır. Belə olan halda, banka yerləşdirilən əmanətlər geri çəkilir. Eyni zamanda, bu fəsildə əhali daha çox bağ evi almağa üstünlük verir. Təbii, bu hal bank əmanətlərinin azalmasına təsir edir”.
İqtisadçının sözlərinə görə, manatın məzənnəsində, ən azından, yaxın müddət üçün bir dəyişiklik gözlənilmir. Odur ki, manatla olan depozitlərin həcminin artması gözlənir. Manatla depozitlərdə faizlər yüksək qaldıqca, cəlbedicilik də artacaq. Eyni zamanda, bank sisteminə güvənin artması da bu il manatla depozitlərin yüksəlməsinə səbəb olan amildir.
Günel CƏLİLOVA