Məlum olduğu kimi, iyulun 25-də Azərbaycan Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvinə qərar verib. Senytabrın 1-dən etibarən Türkiyə vətəndaşları Azərbaycana vizasız gələ biləcəklər. Ekspertlər hesab edirlər ki, qardaş ölkə olan Türkiyə vətəndaşlarının ölkəmizə sərbəst gəlməsi iqtisadiyyata müsbət təsir edəcək.
Tahir Mirkişili: “…yeni mərhələyə qədəm qoymuş iqtisadi əlaqələrin daha sürətlə inkişafına dəstək olacaq”
Millət vəkili Tahir Mirkişili qeyd etdi ki, 2019-cu ilin 6 ayı ərzində iki qardaş ölkə arasında ticarət dövriyyəsi 35 faiz artıb. Həmçinin, Azərbaycanın Türkiyəyə ixracında 2 dəfəyə yaxın artım qeydə alınıb: “Həm xarici ticarət dövriyyəsində, həm də Azərbaycanın ixracında Türkiyə 2-ci ölkədir. Digər tərəfdən, 2020-ci ildə Azərbaycanın Türkiyəyə yatırdığı xarici investisiyanın həcmi 20 milyard dollara çatacaq. Hazırda Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox investisiya yatıran ölkələrdən biridir. Türkiyə şirkətlərinin də Azərbaycan iqtisadiyyatına yatırımları 14 milyard dolları keçməkdədir. Bu rəqəmlər və eyni zamanda, birgə həyata keçirilən enerji, nəqliyyat layihələri hər iki ölkənin iqtisadiyyatlarının getdikcə daha çox inteqrasiya olunduğunu deməyə imkan verir".
Millət vəkili onu da bildirdi ki, Türkiyə vətəndaşları üçün sadələşdirilmiş viza rejiminin ləğv olunması yeni mərhələyə qədəm qoymuş iqtisadi əlaqələrin daha sürətlə inkişafına dəstək olacaq: "Ümumiyyətlə, təcrübə göstərir ki, insanların maneəsiz hərəkəti ölkələr arasında kapitalın sürətli hərəkətinə təkan verir və bu isə, öz növbəsində, iqtisadiyyatın dinamik inkişafını təmin edir. Digər tərəfdən, 2019-cu ilin 6 ayının yekunlarına görə, Azərbaycana səfər edən turistlərin sayının 12%-ni Türkiyə vətəndaşları təşkil edir. Azərbaycanın turizm potensialı və ölkəmizə səfər edən xarici ölkə vətəndaşlarının sayı artır. Düşünürəm ki, viza rejiminin ləğvi Azərbaycana səfər edən Türkiyə vətəndaşlarının sayının artmasına müsbət təsir edəcək. Bu istiqamətdə mövcud potensialdan daha çox istifadə etmək imkanı mövcuddur".
Günel CƏLİLOVA