23/08/2019 00:57
728 x 90

Bəzən müxtəlif ölkələrdən geri qaytarılan aqrar məhsullarımızın son taleyi necə olur…

img

Azərbaycan istehsalı məhsulların bir qismi xarici ölkələrə ixrac olunur. İxrac olunan məhsullar arasında aqrar məhsullar üstünlük təşkil edir. Bəzi hallarda isə ixrac olunan məhsullar müəyyən səbəblərdən geri qaytarılır. Elə bu yaxınlarda Rusiya Federasiyasına ixrac edilən Azərbaycan məhsulları geri qaytarıldı.

Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti Azərbaycandan Rusiyaya ixrac edilən 32,3 ton pomidor, 53,4 ton gilas, 19,92 ton quru noxud və 13 ton çiyələyin idxalına qadağa qoyduğuna dair məlumat yayıb. Azərbaycandan ixrac olunan həmin məhsullar geri qaytarıldı. Maraqlıdır, xarici ölkələrə ixrac olunan məhsullar müəyyən səbəblərdən geri qaytarılarsa, o zaman həmin malların taleyi necə olur?

  • Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi: “Beynəlxalq qaydalara uyğun olaraq, yükdə karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edildikdə yük zərərsizləşdirilərək yenidən müxtəlif istiqamətlərdə ixracı həyata keçirilə bilər”

Bu məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi bildirdi ki, fitosanitar tədbirlər üzrə 13 nömrəli Beynəlxalq Standartın tələbinə əsasən, uyğunsuzluq aşkar edildiyi təqdirdə idxalçı ölkə ixracatçı ölkəyə dərhal rəsmi bildiriş verir: "Ümumiyyətlə, idxal-ixrac proseslərində bu cür halların baş verməsi mümkündür, lakin beynəlxalq qaydalara uyğun olaraq, yükdə karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edildikdə yük zərərsizləşdirilərək yenidən müxtəlif istiqamətlərdə ixracı həyata keçirilə bilər".

  • Natiq Cəfərli: “Geri qaytarılan məhsul istifadəyə yararlıdırsa, daxili bazarda satışa çıxarılır, ya da konserv zavodlarına emal üçün təhvil verilir”

İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, ixrac olunan məhsullar arasında kənd təsərrüfatı məhsulları üstünlük təşkil edir: “Nəzərə almaq lazımdır ki, aqrar məhsullar daha tez xarab olduğu üçün, başqa ölkələrə ixrac oluna bilmir. Havalar isti keçdiyi dönəmdə isə kənd təsərrüfatı məhsullarının daha tez xarab olmaq kimi xüsusiyyəti var. Məhsulların vəziyyətinə uyğun olaraq qərar verilir. Geri qaytarılan məhsul istifadəyə yararlıdırsa, daxili bazarda satışa çıxarılır, ya da konserv zavodlarına emal üçün təhvil verilir”.

Günel CƏLİLOVA

Son xəbərlər