Məlum olduğu kimi, Vyanada "OPEC plus" nazirlərinin 6-cı görüşündə neft hasilatının azaldılmasına dair razılaşmanın müddətinin daha 9 ay uzadılması ilə bağlı razılıq əldə edilib. Belə ki, OPEC və qeyri-OPEC ölkələrinin 2020-ci ilin birinci rübünün sonunadək qüvvədə olacaq qərarına Azərbaycan da qoşulub.
Qeyd edək ki, "Əməkdaşlıq Bəyannaməsi"nin icrası 2019-cu ilin 1 iyul tarixindən 2020-ci ilin 31 mart tarixinədək nəzərdə tutulub. Ötən ilin dekabrında qəbul edilmiş "Əməkdaşlıq Bəyannaməsi" üzrə "OPEC plus" ölkələrinin kvotaları isə dəyişməz qalır. OPEC keçən ilin dekabr ayında neft hasilatını 2019-cu ilin iyun ayının sonunadək (6 ay) gündəlik 1,2 milyon azaltmaq barədə qərar vermişdi.
Bununla belə, Vyanada "OPEC plus" nazirlərinin 6-cı görüşündə OPEC və qeyri-OPEC ölkələri arasında uzunmüddətli əməkdaşlığa dair Xartiya qəbul olunub. "Əməkdaşlıq Xartiyası"na Azərbaycan da qoşulub. Tədbirdə iştirak edən energetika naziri Pərviz Şahbazov OPEC və qeyri-OPEC ölkələri nazirlərinin budəfəki görüşünü "OPEC plus" əməkdaşlığı çərçivəsində tarixi hadisə kimi qiymətləndirib.
Maraqlıdır, neft hasilatının azaldılmasına dair razılaşmanın müddətinin daha 9 ay uzadılmasına dair qərar neftin qiymətinin sabit qalmasına nə kimi təsir edə bilər? Ekspertlər bunu necə dəyərləndirirlər?
İlham Şaban: “Neftin qiymətinin 60-65 dollar dəhlizində olması həm hasilatçılar, həm də istehlakçılar üçün...”
Sözügedən məsələni şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, gündəlik neft hasilatını azaltmaq qərarının daha 9 ay uzadılması neft bazarı üçün çox müsbət siqnaldır: “Əsasən may ayından sonra İrana qarşı sanksiyalar bazarda qeyri-müəyyənlik yaratmışdı, siyasi gərginlik müşahidə olunurdu. Bu siyasi gərginliyin fonunda qiymətlərdə volatillik artmışdı, bazarda uzun müddət bu cür sıçrayış, enmələr və yaxud artımlar olmurdu. Ona görə bazar iştirakçıları arasında narahatlıq hökm sürürdü. Digər tərəfdən, hasilatın azaldılmasına dair keçən ilin dekabr ayında verilən qərarın yenidən uzadılması ilə bağlı müxtəlif fikirlər səsləndirilirdi. İranın mövqeyi də çox sərtləşmişdi və ortaq məxrəcə gəlmək mümkün olmurdu. Eyni zamanda, dünyada gedən ticarət müharibələri bazarda təzyiqləri artırırdı. Ona görə də qiymətlər gah qalxır, gah da düşürdü”.
İ.Şabanın fikrincə, G20 sammiti çərçivəsində Çin Prezidenti Si Szinpin və ABŞ Prezidenti Donald Trampın görüşünün nikbin başa çatması, Səudiyyə Ərəbistanı və Rusiya liderləri arasında danışıqlarda bazara yönəlik müsbət siqnalların verilməsi sonda neft hasilatını azaltmaq qərarının daha 9 ay uzadılmasına gətirib çıxardı: “Burada Rusiyanın rolunu qeyd etmək lazımdır. Çünki Rusiya Prezidenti Vladimir Putin qeyd etmişdi ki, müddətin 6 ay uzadılmasının elə də əhəmiyyəti yoxdur. Artıq bazarda qiymətlər stabilləşib. Neftin qiymətinin 60-65 dollar dəhlizində olması həm hasilatçılar, həm də istehlakçılar üçün normal qiymətdir”.
Vidadi ORDAHALLI