Xəbər verildiyi kimi, bu il Azərbaycanda iki dərman zavodunun tikilib istifadəyə verilməsi gözlənir. Bu barədə səhiyyə nazirinin müavini Elsevər Ağayev media nümayəndələrinə açıqlamasında deyib.
E.Ağayev bildirib ki, bu il zavodlardan birinin açılışının keçirilməsi nəzərdə tutulur. Zavodlardan biri Rusiya, digəri isə İran şirkəti ilə birgə tikilir: “Zavodlar fəaliyyətə başladıqdan sonra əhalinin ən çox istifadə etdiyi dərman vasitələri istehsal ediləcək”.
Azərbaycanın öz dərman zavodunun olması ölkənin bu sahə üzrə tanınmasına səbəb olacaq. Bununla yanaşı, Azərbaycanda dərman istehsal olunması yerli tələbatı təmin etməklə yanaşı, dərmanlar ixrac da edilə bilər. Təbii ki, bu hal ölkə iqtisadiyyatının inkişafına müsbət təsir edər.
Pərviz Heydərov: “Dərman istehsalı, həmçinin, yeni iş yerlərinin açılması deməkdir”
Məsələ ilə bağlı fikir bildirən iqtisadçı-ekspert Pərviz Heydərov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, dərman sənayesi iqtisadiyyata ən çox gəlir gətirən sahələrdən biridir: “Onu da qeyd edim ki, dünyada dərman sektoru üzrə inhisarçılıq da mövcuddur. Elə növ dərman var ki, çox məhdud çərçivədə şirkətlər məşğul olur. Bu hal dərman preparatlarının qiymətinin yüksək olmasına səbəb olur. Belə olan halda, ölkəyə idxal olunan dərmanların satış qiyməti yüksək olur”.
İqtisadçının sözlərinə görə, Azərbaycanda yerli dərman preparatlarının istehsal olunması təqdirəlayiq haldır: “Nəzərə almaq lazımdır ki, Sovet dönəmində də ölkədə dərman istehsal olunurdu. O zamanlar yaşanan tənəzzül nəticəsində dərman sektoru da fəaliyyətini dayandırdı. İndi isə həm köhnə ənənə bərpa olunar, həm də yeni, müasir dövrün tələblərinə cavab verən dərmanlar istehsal olunar. Beləliklə, ölkədə dərman istehsal olunması yerli tələbatı təmin etməklə yanaşı, dərmanlar xarici ölkələrə də ixrac olunar. Belə olan halda, ölkəyə daxil olacaq valyutanın həcmi artacaq”.
Həmsöhbətimiz onu da vurğuladı ki, dərman təminatının davamlı, keyfiyyətli, əlçatan olması vacib şərtdir. Ona görə də bir çox ölkələr öz əhalisi üçün dərman istehsal edirlər və hətta xarici bazarlara çıxarırlar: "Ölkəmizə xaricdən dərman idxal olunur və buna çox böyük vəsait xərclənir. Bu vəsaitin ölkədən çıxmasının qarşısını almaq, ölkəyə valyuta gətirmək üçün dərman istehsalı çox vacib məsələlərdən biridir. Ölkəmizdə dərman istehsal olunsa, külli miqdarda vəsaitin xaricə axmasının qarşısı alınar. Həm də ölkədə keyfiyyətli, ucuz, təminatlı dərmanlar istehsal olunacaq və onu xarici bazarlara ixrac etmək mümkündür. Dərman istehsalı, həmçinin, yeni iş yerlərinin açılması deməkdir.
Günel CƏLİLOVA