BP şirkəti TANAP kəmərinin istismarı üzrə SOCAR-la BOTAŞ-ın yaratmaq istədiyi birgə şirkətə qoşulmaq üçün müraciət edib. Bu barədə Türkiyə mətbuatına istinadən məlumat yayılıb.
Məlumatda qeyd edilir ki, layihə üzrə iki tərəfdaş şirkət - SOCAR və BOTAŞ birgə müəssisənin - paritet əsaslı qaz kəməri operatorunun yaradılması barədə razılığa gəliblər. Bu proses Bakı-Tiflis-Ceyhan neft kəmərindəki istismar qaydalarına uyğun olacaq.
Bu arada BP şirkəti prosesə yeni qoşulub. Ancaq hələ aydın deyil ki, BP SOCAR-ın, yoxsa BOTAŞ-ın səhmləri hesabına şirkətə daxil olmaq istəyir. Məlumata görə, sözügedən layihənin iştirakçıları olan SOCAR-la BOTAŞ bu məsələni müzakirə edirlər.
Qeyd edək ki, TANAP qaz kəməri ilə ilkin mərhələdə Türkiyəyə qaz tədarükü ötən il başlayıb. TAP qaz kəməri hazır olduqdan sonra Avropaya qaz ötürüləcək. Bu isə gələn il gözlənir. TANAP "Şahdəniz" yatağından Azərbaycan qazını Türkiyə və Avropaya tədarük etmək üçün yaradılan "Cənub Qaz Dəhlizi"nin bir hissəsidir.
Maraqlıdır, sözügedən müraciət qəbul olunarsa, BP-yə pay kimin səhmlərindən ayrılacaq?
Rəsul Cahangirli: “Proses başqa cür də ola bilər, amma bu, tərəflərin razılığından asılı olacaq”
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, bu, tərəflərin razılığından asılı olacaq: “SOCAR-la BOTAŞ TANAP kəmərinin istismarı üzrə birgə şirkətin yaradılması ilə bağlı danışıqlar aparırlar. Ötən il Türkiyədə TANAP-ın açılışı olandan sonra bu məsələ gündəmə gəlib. O vaxtdan tərəflər arasında bununla bağlı danışıqlar gedir. İndi məlum olub ki, BP şirkəti də TANAP kəmərinin istismarı ilə bağlı şirkətdə iştirak etmək istəyir. Belə olduqda aydın məsələdir ki, səhm paketinə dəyişiklik edilməlidir. Çünki SOCAR-la BOTAŞ paritet əsaslı qaz kəməri operatorunun yaradılması barədə razılığa gəliblər. Üçüncü tərəf bu işə qoşulursa, o zaman, təbii olaraq, səhm paketinə yenidən baxılması reallığı ortaya çıxır. Bunun hansı formada həyata keçirilməsi isə SOCAR-la BOTAŞ-ın razılığından asılı olacaq. Bunu indidən konkret demək çətindir. Gərək bununla bağlı rəsmi qərar olsun. Mənə elə gəlir ki, BP-nin TANAP kəmərinin istismarı üzrə birgə şirkətə daxil olmasına razılıq verilərsə, o zaman hər bir tərəf bərabər şəkildə öz səhmlərini qarşı tərəfə satar. Yəni bununla bağlı səhm payı bərabər bölünəcək. Proses başqa cür də ola bilər, amma bu, tərəflərin razılığından asılı olacaq. Ona görə də indidən konkret hansısa proqnoz vermək çətindir”.
Vidadi ORDAHALLI