Son illər ölkəmizə gələn turistlərin sayında artım müşahidə edilir. Bunu açıqlanan həm rəsmi, həm də qeyri-rəsmi hesabatlar da təsdiq edir. Turist sayının çox olması ölkə iqtisadiyyatına daxil olacaq valyutanın artmasına səbəb olur. Turistlər ya bank kartı vasitəsilə, ya da nağd yolu ilə pul xərcləyir.
Açıqlanan statistik rəqəmlərə əsasən, 2019-cu ilin ilk 5 ayında Azərbaycana gələn xarici vətəndaşların bank kartları ilə xərclədikləri pulun məbləği 475,5 mln. manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,4% az olması deməkdir.
Xarici vətəndaşların xərcləri 2019-cu ilin yanvar ayında 88,3 mln. manat, fevralda 85,3 mln. manat, martda 103,2 mln. manat, apreldə 103,2 mln. manat və may ayında isə 100,9 mln. manat təşkil edib.
Bildirək ki, aprel və may ayı ərzində turistlərin ölkəyə axını üçün iki önəmli hadisə – UEFA Avropa Liqasının final oyunu və Formula 1 üzrə yarışlar keçirilib və bu səbəbdən digər aylardan daha çox pul xərclənməsini ehtimal etmək olar.
Fuad İbrahimli: “Turistlər həm bank kartı yolu ilə, həm də nağd yolla alış-veriş edərək pul xərcləyir”
Son 5 ay ərzində Azərbaycana səfər edən turistlərin bank kart vasitəsilə xərclədikləri vəsaitin azalmasının səbəbini öyrənmək üçün iqtisadçı ekspert Fuad İbrahimliyə müraciət etdik.
O bizimlə söhbətində qeyd etdi ki, turistlər həm bank kartı yolu ilə, həm də nağd yolla alış-veriş etməyə üstünlük verir: “Ölkəyə gələn turistlər nağd deyil, daha çox kart vasitəsilə ödəniş etməyə üstünlük verirlər. Nəzərə almaq lazımdır ki, artıq Azərbaycanda nağdsız ödəmə infrastrukturu kifayət qədər inkişaf edib. Ancaq turistlərdən bir qismi nağd ödəniş üsulu ilə vəsait xərcləməyə üstünlük verir”.
Həmsöhbətimiz onu da vurğuladı ki, son aylar ölkəmizdə keçirilən beynəlxalq idman yarışları sayəsində ölkəmizə gələn turistlərin sayı artıb: “Yarışları izləmək üçün gələn turistlərin bir qismi bank kartı vasitəsilə deyil, nağd yolla alış-veriş etməyə üstünlük verib”.
Günel CƏLİLOVA