16/07/2019 13:05
728 x 90

May ayında milli valyutada əmanətlər 25 faiz çoxaldı – manata ictimai inamın yeni ifadəsi…

“Manatın məzənnəsinin uzun müddət sabit qalması dollar əmanətlərinin manat əmanətlərinə çevrilməsini sürətləndirdi”

img

Açıqlanan statistik rəqəmlərə əsasən, banklarda milli valyuta ilə yerləşdirilən əmanətlərin həcmi artıb. Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz artaraq 8 milyard 715 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunur ki, əmanətlərin 58,5 faizi xarici, 41,5 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 25,4 faiz, xarici valyutada əmanətlər isə 2 faiz artıb.

Mayda milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya - 1,90 (1,92) manata, 100 rus rubluna 2,62 (2,60) manata bərabər olub.

Ekspertlər milli valyuta ilə yerləşdirilən əmanətlərin həcminin artmasının gözlənilən olduğunu bildirirlər. Onların fikrincə, milli valyutanın möhkəmlənməsi manata inamı artırır.

  • Fuad İbrahimli: “Manatla depozit faizləri kifayət qədər yüksək olduğu üçün, manat depozitlərinə cəlbedicilik yaranıb”

İqtisadçı-ekspert Fuad İbrahimli bildirdi ki, son vaxtlar manatla əmanətlərin saxlanmasına daha çox üstünlük verildiyi müşahidə edilir: "Bu da ondan ibarətdir ki, artıq xeyli müddətdir manatın məzənnəsi stabilləşib. Manatla əhalinin vəsaitlərinin saxlanmasına artıq meyl artıb. Bu da banklarda aparılan islahatlar və qanunvericiliyə edilən dəyişikliklərlə bağlıdır”.

Həmsöhbətimiz onu da vurğuladı ki, manatın məzənnəsinin uzun müddət sabit qalması dollar əmanətlərinin manat əmanətlərinə çevrilməsini sürətləndirdi: “Həmçinin, nəzərə alaq ki, manatla depozit faizləri kifayət qədər yüksəkdir. Dollarla olan əmanətlərdən isə ən yaxşı halda 2 faiz gəlir əldə etmək mümkündür. Bu da manat depozitlərinə cəlbediclik yaratdı. İnsanlar əllərində olan manatı depozitə yatırdılar.

Eyni zamanda, bank sisteminə də müəyyən güvən yarandı. Bununla da dollarla olan kreditlərin bir hissəsi manata çevrildi. Bütün bunlar manat depozitlərinin həcmində yüksəlişə səbəb oldu.

Manat sabit qalacaqsa, proses bu il də davam edəcək. Manatın məzənnəsində isə, ən azından, yaxın müddət üçün bir dəyişiklik gözlənilmir. Odur ki, manatla olan depozitlərin həcminin artması bu il də gözlənir. Manatla depozitlərdə faizlər yüksək qaldıqca, cəlbedicilik də artacaq”.

Günel CƏLİLOVA

Son xəbərlər