Məlumdur ki, Azərbaycanda əmanətlərin sığortalanması mexanizminin tətbiqinə 2007-cı ildən başlanıb. Mexanizmin tətbiqinin hüquqi bazası 2006-cı ilin dekabr ayında qəbul edilən “Əmanətlərin sığortalanması haqqında” Qanunla yaradılıb.
Qanuna görə, əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi risqinin qarşısını almaqdır.
Qanun fiziki şəxslər tərəfindən banklara yerləşdirilmiş əmanətlərin qorunmasını məcburi edir. Bir şərtlə ki, həmin əmanətlərin illik faiz dərəcəsi milli valyuta üzrə 10%-dən, xarici valyuta üzrə 2,5%-dən çox olmasın. Ancaq sığorta mexanizminin əhatə dairəsinə düşməyən əmanətlər də var və onlar dövlət tərəfindən qorunmur.
Azərbaycanda əmanətlərin qorunması mexanizmi beynəlxalq maliyyə qurumlarının diqqətini çəkir. Hətta beynəlxalq hesabatlarda ölkəmizdə əmanətlərin qorunması ilk sıralarda yer alıb. Belə ki, dünyanın ən böyük beyin mərkəzlərindən bir olan “Heritage Foundation” tərəfindən hazırlanan “İqtisadi Azadlıq İndeksi 2020” hesabatında Azərbaycan 16 pillə irəliləyərək, 180 ölkə arasında 44-cü yerdə qərarlaşıb. “Fiskal sağlamlıq” alt-indikatoru üzrə əhəmiyyətli dərəcədə, 9.8 bal irəliləmə ilə Azərbaycan 99.2 bal ilə qiymətləndirilib. Ölkənin maliyyə-bank sektorunun inkişafı məqsədilə kompleks islahat tədbirləri çərçivəsində “Banklarda risqlərin idarə olunması haqqında Qaydalar”, “Banklarda kredit risqlərinin idarə edilməsi Qaydaları”, “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları” və digər bu kimi normativ-hüquqi aktların qəbulu ilə əhəmiyyətli irəliləyişlər müşahidə edilir. Belə ki, bank sektorunun kredit portfeli genişlənib, mənfəət, aktiv və əmanətlər, balans kapitalı artıb, rəqəmsallaşma təkmilləşdirilib, prudensial idarəetməyə keçid təmin olunub. Bundan başqa, rezident və qeyri-rezident hüquqi və fiziki şəxslər üçün banka getmədən bank hesablarının məsafədən açılması imkanı yaradılıb.
“Əmanətlərin tam sığortalanması ilə bağlı qanunun qüvvədə olduğu 4 il 9 ay müddətində bu qanun öz hədəflərinə nail olub”
Millət vəkili Tahir Mirkişili bildirdi ki, əmanətlərin tam sığortalanması qanununa edilən yeni dəyişikliyə əsasən, fiziki şəxslərin də banklarda olan 20 min manata qədər əmanəti Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunacaq. Bu, çox mühüm yenilikdir: “Əmanətlərin tam sığortalanması ilə bağlı qanunun qüvvədə olduğu 4 il 9 ay müddətində bu qanun öz hədəflərinə nail olub. Bu qanunun qüvvədə olduğu illərdə bankların sağlamlaşdırılmasına nail olundu. Eyni zamanda, 43 min əmanətçiyə 1,3 milyard manat əmanət qaytarıldı. Banklara inam artıb. Bu mexanizmdən çıxdıqdan sonra artıq 100 min manat limit müəyyən ediləcək. Azərbaycanda 100 mindən çox olan əmanətlərin sayı elə də çox deyil. Deməli, bu mexanizmdən çıxdıqdan sonra da qorunan əmanətlərin sayı kifayət qədər olacaq. Qorunan əmanətlərin məbləğinə görə Azərbaycan dünyada yüksək yerlərdən birini tutur”.
Günel CƏLİLOVA