“Bu ilin dörd ayında bizdə ümumdaxili məhsulun artımı 0.2 faiz səviyyəsində olub. Lakin anlayırıq ki, növbəti ay çox güman bu göstərici də aşağı düşəcək”. Bunu Prezidenti İlham Əliyev CISCO şirkətinin təşəbbüsü əsasında bu şirkətin rəhbərləri ilə keçirilən videokonfransda çıxışı zamanı deyib.
Ölkə başçısının fikrincə, məlum vəziyyətlə əlaqədar bütün ölkələrin ümumdaxili məhsulu zərbə altındadır: “Hazırkı koronavirus şəraitində, əvvəlcə qeyd etdiyim kimi, bu məsələlər daha da vacibdir. Çünki, demək olar ki, bütün ölkələrin ümumdaxili məhsulu zərbə altındadır. Bununla belə, bu ilin dörd ayında bizdə ümumdaxili məhsulun artımı 0.2 faiz səviyyəsində olub. Lakin anlayırıq ki, növbəti ay çox güman bu göstərici də aşağı düşəcək. Sənaye sektorunda vəziyyət daha yaxşıdır. Bizim qeyri-enerji sənayesində 13 faizdən artıq artım olub. Lakin, əlbəttə, koronavirus ümumdaxili məhsula və iş yerlərinə zərbə vurur, çünki biz, təbii ki, işsizliyin artmasını hesablayacağıq. Amma onun qarşısını almaq üçün 2 milyard avro həcmində çox ciddi iqtisadi və sosial paketi işə salmışıq”.
Bütün bu deyilənlərin fonunda, ÜDM-in azalmasının Azərbaycanda çox pis fəsadları mümkündürmü?
“...ölkə iqtisadiyyatı çoxşaxəli struktura malikdir”
Məsələyə münasibət bildirən millət vəkili Aydın Hüseynovun sözlərinə görə, ÜDM-in azalması Azərbaycanda ciddi fəsadlara yol açmayacaq: “Çünki ölkə iqtisadiyyatı çoxşaxəli struktura malikdir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda koronavirusla əlaqədar olaraq bir sıra qabaqlayıcı tədbirlər görülür. Məsələ ondadır ki, koronavirus dünyada yayılanda cənab Prezidentin tapşırığına uyğun olaraq, hökumət operativ şəkildə Tədbirlər Planı hazırladı. Bu istiqamətdə işlər kompleks şəkildə həyata keçirilir. Nəzərə almaq lazımdır ki, Azərbaycanın böyük valyuta ehtiyatları var. Qeyri-neft sektoru inkişaf edir. Aqrar sektorun inkişafı ilə bağlı kompleks işlər görülür və ortada nəticələr də var. Hər il kənd təsərrüfatı məhsullarının istehsalı artır. Bütün bunlara əsaslanaraq hesab edirəm ki, ÜDM-in azalması Azərbaycanda ciddi fəsadlara gətirib çıxarmayacaq. Bu baxımdan düşünürəm ki, narahatlığa elə bir əsas yoxdur”.
Vidadi ORDAHALLI