Polis-idmançılarımız İtaliyadan medallarla döndülər

İtaliyanın Faenza şəhərində sərbəst güləş üzrə yeniyetmələr arasında Avropa birinciliyi keçirilib. Qitənin 30-dan çox ölkəsindən 100-ə yaxın idmançının qatıldığı bu yarışda ölkəmiz də təcrübəli idmançılarla təmsil olunub.
Milli komandamızın tərkibində DİN İdman Cəmiyyətinin yetirmələri də qələbə uğrunda inamlı mübarizə aparıblar.
DİN Daxili Qoşunlarının İdman komandasının hərbi qulluqçusu, mayor Elşad Allahverdiyevin yetirməsi Sabir Cəfərov çəkisi 61 kiloqramadək olan idmançılar arasında bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub.
Təmsilçilərimizdən Kənan Heybətov üçün də bu yarış uğurlu olub. O, çəkisi 51 kiloqramadək olan idmançıların mübarizəsində finaladək irəliləyərək bürünc medal qazanıb.
K.Heybətovu bu yarışa Cəmiyyətin İdman təlimi şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlyas Siracov hazırlayıb.
Qadınların yarışında isə yetirməmiz Birgül Soltanova fərqlənməyi bacarıb. O, çəkisi 57 kiloqramadək olan idmançılar arasında üçüncü yerə sahib olub.
Qadın təmsilçimizin məşqçisi Sumqayıt ŞPİ-nin əməkdaşı, polis polis serjantı Tural Əliyevdir.
Qeyd edək ki, hər üç idmançımız iyulun20-dən 30-dək ölkəmizdə keçiriləcək gənclərin Avropa festivalında DİN İdman Cəmiyyətini təmsil edəcək.
Qalibləri qəbul edən DİN İdman Cəmiyyətinin sədri, polis polkovniki Zemfira Meftaxetdinova onlara gələcək yarışlarda uğurlar arzulayıb.
Zeyni HÜSEYNOV
DİN Mətbuat Xidmətinin əməkdaşı