Polis samboçumuz erməni Manukyanı 9:1 hesabı ilə məğlub etdi - FOTO

İyunun 21-dən 30-dək Belarusun paytaxtı Minskdə keçirilən ikinci Avropa Oyunlarında Azərbaycan idmançıları yeni nailiyyətlər qazanıb. Qitənin 50 ölkəsindən 4 mindən çox idmançının qatıldığı bu yarış sülh, bərabərlik, qardaşlıq bayramı kimi yadda qalıb.
Atletlər idmanın 15 növü üzrə 200 dəst medal uğrunda mübarizə aparıblar. Bu mötəbər yarışda ölkəmiz də təcrübəli idmançılarla təmsil olunub.
Azərbaycanın yığma komandasının tərkibində DİN İdman Cəmiyyətinin yetirmələri də yeni yarış təcrübəsi əldə ediblər. Onlardan Mehman Xəlilov idmanın sambo növü üzrə yarışlarda inamlı mübarizə aparıb.
M.Xəlilov dörddəbir finalda belaruslu Vladislav Burdza uduzub. Lakin bu çəki dərəcəsində yeddi samboçunun mübarizə aparması idmançımıza təsəlliverici qarşılaşmaya qatılmadan üçüncü yer uğrunda görüşdə iştirak imkanı yaradıb. O bu görüşdə Ermənistan samboçusu Maksim Manukyanı 9:1 hesabı ilə məğlubiyyətə uğradıb, bürünc medala sahib olub.
Samboçumuzu bu yarışa məşqçi Mais Məmmədov hazırlayıb.
Zeyni HÜSEYNOV
polis serjantı