Ölkəmizdə idmanla məşğul olanların sayı çoxdur və idmanı inkişaf etdirmək, onu təbliğ etmək meyli həmişə güclü olub. İdman və bədən tərbiyəsi ayrıca bir sahə olsa da, hər bir dövlətin, hər bir xalqın mədəniyyəti ilə sıx bağlıdır.
Məlumat üçün bildirək ki, dünyada bir çox məşhur idman muzeyləri var. Bəllidir ki, turizmin inkişafı baxımından dünya təcrübəsində idman muzeylərinin də mühüm yeri vardır. Bu muzeylər geniş yayılıb və bu sahədə uğurlu nəticələr əldə edilib. Deməli, həm mədəniyyətin, həm idmanın inkişaf etdiyi bir ölkədə idman muzeyinin olması da vacibdir. İldən-ilə beynəlxalq yarışlara daha çox ev sahibliyi edən Azərbaycan dünya idmançılarının da sevimli ölkəsinə çevrilibdir. Azərbaycanda müxtəlif idman növləri üzrə Avropa, dünya, eyni zamanda olimpiya idman növünə seçim xarakterli beynəlxalq yarışlar təşkil edilib. Məlumat üçün bildirək ki, 2008-ci ildə ölkə başçısı İlham Əliyev Azərbaycan Olimpiya Hərəkatı və İdman Muzeyi yaradılması haqqında sərəncam imzaladı. Araşdırmamız zamanı məlum oldu ki, hələ də ölkədə idman muzeyi formalaşmayıb. Belə bir muzeyin formalaşmaması səbəbinə aydınlıq gətirilməsi üçün Gənclər və İdman Nazirliyinə sorğu göndərdik, lakin yazı hazır olana kimi sorğumuza cavab ala bilmədik. Nazirliyin cavabını təqdim etməyə çalışacağıq.
Günel CƏLİLOVA