Gənclər və İdman Nazirliyinin 28 yaşı tamam oldu...

img

İyulun 26-da  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 28 ili tamam olur. 1994-cü il iyulun 26-da Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə yaradılan Gənclər və İdman Nazirliyi ulu öndər Heydər Əliyevin ölkə idmanını və gəncləri diqqət mərkəzində saxlamasının ən bariz nümunəsi idi. Bu gün də gənclərimiz və ölkə idmanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi qayğısı ilə əhatə olunub.

Nazirliyin yaranmasının 28-ci ildönümü münasibətilə iyulun 26-da  Gənclər və İdman Nazirliyinin rəhbərliyi və kollektivi Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, qarşısına əklil qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər. Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb. Daha sonra Vətən uğrunda canlarından keçmiş Şəhidlərimizin məzarları ziyarət olunub, əbədi məşəl abidəsi önünə əklil qoyulub. Bu barədə baki-xeber.com-a nazirlikdən məlumat verilib.

Nazirliyin əməkdaşları əlamətdar gündə “Ümid yeri” uşaq sığınacağını və ahıl şəxslər üçün sosial xidmət müəssisəsini də ziyarət ediblər. Hər iki sosial yönümlü mərkəzin sakinləri ilə görüş zamanı onlara nazirliyin hədiyyələri təqdim edilib.

İradə SARIYEVA

Peşə etikası

Son xəbərlər