“Çempionumuz” sosial idman layihəsi çərçivəsində növbəti tədbir keçirildi - FOTO

Lənkəran şəhər 5 saylı tam orta məktəbdə təşkil olunan növbəti görüşün əsas iştirakçıları daha çox idmana maraq göstərən məktəbli şagirdlər idi. Lənkəran Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı sayəsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin “Çempionumuz” adlı birgə sosial idman layihəsi çərçivəsində rayonun yüksək nəticəli idmançısı Elşən Məmmədovla görüş keçirilib. Onu da əlavə edim ki, məktəblilərlə bərabər müəllimlər, rayon gənclər və idman idarəsinin, təhsil şöbəsinin əməkdaşları, qazi və idmançılar da bu tədbirə qatılıblar.
Qarabağ müharibəsində canını Vətənə qurban verən qəhrəman oğulların xatirəsi ehtiramla anılandan sonra tədbirdə Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları Sadiq Həmidov və Yusif Xamıyev ölkəmizdə dövlət başçısı İlham Əliyev tərəfindən idmana göstərilən diqqət və qayğıdan geniş söz açaraq “Çempionumuz” sosial idman layihəsi haqqında məktəblilərə geniş məlumat verib, ölkəmizdə idmanının inkişafında görülən sanballı işlərdən, idmanla məşğul olmağın faydasından, eləcə də sağlam həyat tərzinə maneçilik törədən zərərli vərdişlərdən danışıb və gələcək yarışlarda Elşən Məmmədova yeni-yeni qələbələr arzulayıblar.
Sonda gənclər tərəfindən ən çox sevilən, Ağır Atletika üzrə Azərbaycan çempionu Elşən Məmmədov müxtəlif yarışlarda qazandığı yüksək nəticələrdən söz açıb, məktəblilərin suallarına cavab verib, xatirə şəkilləri çəkdirilib.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü