Həndbol federasiyasından 14 idmançı niyə çıxarıldı - idmanda daha bir qovğa…

Azərbaycan Həndbol Federasiyası: “Həmin idmançılar məşqlərə qatılmırdı, ona görə də qovuldular”

img

Azərbaycan millisinin narazı həndbolçuları federasiyadan şikayətçi olduqları üçün məşqlərdən kənarlaşdırılıblar.

Federasiyadan kənarlaşdırılan idmançıların bildirdiyinə görə,  onlar gənclər və idman naziri Fərid Qayıbova müraciət etdikdən sonra 14 oyunçu komandadan qovulub: “Həndbolda bu gün vəziyyət çox bərbaddır. Demək olar ki, bu idman növü tamamilə silinib. Büdcə ayrılmır, maaşlar verilmir. Biz də bu durumdan çox narahat idik və nəticədə qərara aldıq ki, gənclər və idman nazirinə müraciət edək. Müraciətdən sonra isə federasiyada iclas keçirilib və 14 idmançının qovulması qərara alınıb. İndi 14 nəfər qovulsa da, bundan öncə də qovulanlar olub. Ötən il 3 nəfər, ondan qabaq bir neçə nəfər. Çox acınacaqlı durumdur. Biz təkcə yığmadan deyil, ümumiyyətlə həndboldan qovulmuşuq. Biz narazılıqlarımızı sosial şəbəkələrdə də bildiririk. Qadın idmançıların içində bizə dəstək olanlara hədə-qorxu gəlirlər. Legioner idmançılar var ki, onlar da vəziyyətdən narazılıq edib getdilər. Onların nə maaşları normal verilirdi, nə də ki, kirayə pulları”.

  • “Maaşların verilməməsinə gəlincə, bu yalandır, çünki heç zaman bizdə maaş gecikməsi olmayıb”

Məsələ ilə bağlı Azərbaycan Həndbol Federasiyasından bildirildi ki, həmin idmançılar məşqlərə qatılmırdı ona görə də qovulublar: “Ümumiyyətlə, onların iddiaları əsassızdır. Çünki deyirlər ki, çempionat yoxdur. Pandemiyaya görə zallar bağlanmışdı. Zallar açılandan sonra isə məşqlərə başlanılıb. İndi elə vəziyyətdir ki, pis çempionatı başlaya bilmərik. Çünki idmançıların fiziki durumu buna imkan vermir. Bu səbəbdən də yanvar ayından planlaşdırırdıq ki, liqaya start verək. Maaşların verilməməsinə gəlincə, bu yalandır, çünki heç zaman bizdə maaş gecikməsi olmayıb. İldə bir dəfə ola bilər, o da normal hal sayılmalıdır. Qaldı ki, azaldılmasına, bu, müqavilələrə görə tənzimlənir. Bəzilərinin maaşı qalxır, bəzilərinin maaşı isə azalır. Bu həm də klubların daxili məsələləridir. Klublara federasiya tərəfindən yardım edilsə də, bütün səlahiyyətlər onların özündədir”.

Günel CƏLİLOVA

Son xəbərlər