Ermənistanın Belarusdakı səfiri Armen Xaçatryan bloger Lapşinin Azərbaycana ekstradisiyasına münasibət bildirərkən “Mən heç nə edə bilmədim” – deyə bildirib.
Baki-xeber.com-un xəbərinə görə, erməni səfiri deyib ki, Ermənistanın Belarusdakı dipkorpusu bu ekstradisiyanın baş tutmaması üçün əlindən gələn hər şeyi edib, lakin prosesin qarşısını ala bilməyib. “Azadlıq” radiosunun erməni xidmətinə açıqlama verən diplomat “Bizim səfirlik nə edə bilərdi ki?” deyə suala sualla cavab verib. Əlavə edib ki, telefonda artıq söz demək istəmir, “lakin bu ölkəni (Belarusu) siz yaxşı tanıyırsız”. Onun sözlərinə görə, Belarus rəsmilərilə danışıqlarda hətta azərbaycanlı Ramil Səfərovun Macarıstanda erməni zabitini qətl etməsindən sonra “ölkəsində qəhrəman elan olunmasının” misal gətirilməsi də onların işinə yaramayıb.
Lakin bununla belə, Xaçatryan ölkəsində səslənən Belarusdakı erməni səfirinin geri çağırılması fikrini və ümumiyyətlə bu istiqamətdə fəaliyyəti doğru saymır. Onun fikrincə, bu elə erməni diplomatiyasının uduzması demək olacaq. “Biz vəziyyətdən çıxmaq üçün beynəlxalq təşkilatlarla birgə hərəkət etməliyik, özümüzü təcrid etməli deyilik”- o deyib.