Ötən gün Lapşinin Azərbaycana gətirilməsi Ermənistanda ciddi etirazlara səbəb olub.
Baki-xeber.com-un erməni mətbuatına istinadən xəbərinə görə, dünən Belarusun İrəvandakı səfirliyi qarşısında deputatların təşkil etdiyi aksiya keçirilib. Erməni milli konqresindən deputat seçilmiş Nikol Paşinyan aksiyanın qətnaməsini oxuyub. Qətnamədə Ermənistan dövləti Belarusdakı səfirinin geri çağırılmasına və bu ölkə ilə diplomatik əlaqələrə son verilməsinə çağırılır.
“İşıqlı Ermənistan” partiyasının lideri Edmon Marukyan isə jurnalistlərə açıqlamasında Lapşinin Azərbaycana təhvil verilməsini “25 ilin ən təhlükəli presedenti” adlandırıb.
Xatırladaq ki, Rusiya və İsrail vətəndaşlığını daşıyan bloger Aleksandr Lapşin Qarabağa qanunsuz səfər etdiyinə və yazılarında Azərbaycanın işğal altındakı ərazilərini ayrıca dövlət olaraq təqdim etdiyinə görə Azərbaycanın müraciətilə ötən ilin dekabrında Minskdə tutulub. Rusiya və İsrailin səylərinə rəğmən, Belarus onun Azərbaycana ekstradisiyasına qərar verib və fevralın 7-də Lapşin Bakıya gətirilib.