Aleksandr Lapşinin Azərbaycana ekstradisiya olunduğu gün Rusiya hüquqi yardım barədə eyni konvensiya çərçivəsində Azərbaycan vətəndaşını Ukraynaya ekstradisiya edib. Buna görə Rusiya tərəfinin hadisə ilə bağlı Azərbaycana etiraz bildirməsi təəccüb doğurur. Bunu Trend-ə hüquq elmləri doktoru Kamal Məkili-Əliyev deyib.
Ekspert bildirib ki, Rusiya vətəndaşı olan A.Lapşin Belarus tərəfindən İsrail vətəndaşlığından asılı olmayaraq məhz bu cür qəbul edilib: "Lapşin Belarus ərazisinə də Rusiya vətəndaşı qismində daxil olub. Aleksandr Lapşini saxladıqdan sonra Belarus öz dövlətinin məhkəmə orqanlarına onun ekstradisiyası ilə bağlı məsələyə baxılması üçün müraciət edib. Bütün məhkəmə instansiyalarının qərarı ilə MDB-nin mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər Konvensiyasına uyğun olaraq, Lapşinin Azərbaycanda mühakimə olunması üçün ekstradisiyası qərarı qəbul edilib".